Logo
news content
User
Kateqoriyalar

Xəbər

Gültəkin Hacıbəylini məhkəməyə verən kimdir?

Müxalif siyasətçi Gültəkin Hacıbəylini Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məhkəməyə verən Leyla Arif açıqlama yayıb.

147.2-ci maddəyə əsasən, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Xüsusi ittiham qaydasında şikayət Nəsimi Rayon Məhkəməsinə təqdim olunub. Proses dekabrın 8-də başlamalıdır.

Leyla Arifin “Facebook”da yaydığı açıqlamadan belə başa düşülür ki, Gültəkin Hacıbəyli onu separatçı adlandırıb. Talış olduğunu vurğulayan Leyla Arif qeyd edir ki, Ələkrəm Hümmətovdan müsahibə götürməsi onu separatçı saymağa əsas vermir.

Haqqındakı şikayətdən noyabrın 30-da xəbər tutan Gültəkin Hacıbəyli “Turan”a deyib ki, “Facebook”da naməlum bir istifadəçinin statusuna şərh yazıb: “O istifadəçi davamlı şəkildə milli zəmində aşağılayıcı fikirlər yazırdı və mən bunu ayrı-seçkilik, separatizm sayıram”.

1948-ci il təvəllüdlü Ələkrəm Hümmətov 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin qurulmasında iştirak edib, ilk İdarə Heyətində təmsil olunub, 1990-1991-ci illərdə Sosial Demokrat Partiyasında siyasi fəaliyyət göstərib, 1992-1993-cü illərdə müdafiə nazirinin müavini postunu tutub.

1993-cü ilin yayında Ələkrəm Hümmətov Azərbaycanın cənub bölgələrində separatçı rejim qurmağa cəhd göstərib. Buna görə tutulub ölüm cəzasına məhkum olunan, sonra cəzası ömürlük həbsə dəyişdirilən Ələkrəm Hümmətov 2004-cü ildə əfv edilib, Azərbaycan vətəndaşlığından çıxarılaraq Niderlanda göndərilib. Sonrakı illərdə də o, talışların milli hüquqlarını qorumaq adı altında Azərbaycanın ərazi bütövlüyünə qarşı davamlı çağırışlar edib, 2013-cü ildə ölkənin işğaldakı ərazilərinə gedərək ermənilərlə əməkdaşlıq əlaqələri qurub.