Logo
news content
User
Kateqoriyalar

Xəbər

FTX Britaniyanın Moskvadakı səfirliyində 6 "casus" tapıb

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Böyük Britaniyanın Moskvadakı səfirliyinin altı əməkdaşının fəaliyyətlərində casusluq və təxribat əlamətlərini müəyyən edib. Onlar akkreditasiyadan məhrum olunub.

Bu barədə yerli KİV Rusiya FTX-yə istinadən məlumat yayıb.

FTX qeyd edib ki, Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktorluğu Rusiya və MDB ölkələrinə zərbə vurmaq üçün xüsusi xidmətə çevrilib:

“Rusiya xüsusi xidmət orqanı tərəfindən əldə edilmiş sənədlər Londonun beynəlxalq hərbi-siyasi vəziyyətin gərginləşməsini əlaqələndirdiyini təsdiqləyir. Bu səbəbdən qurum fəaliyyətlərində kəşfiyyat və təxribat işinin əlamətləri aşkar edilən Britaniya diplomatlarının Rusiyaya ezamiyyətlərinin vaxtından əvvəl dayandırılmasına çalışacaq”.

Böyük Britaniyanın Moskvadakı səfirliyinin diplomatları Rusiya xalqına zərər vurmaq məqsədi daşıyan addımlarla məşğul olublar. Onların fəaliyyəti Vyana konvensiyalarının çərçivəsindən çox kənara çıxıb.

Bunu isə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Biz Rusiya FTX-nin britaniyalı diplomatların fəaliyyəti ilə bağlı qiymətləndirmələrini tam bölüşürük. Britaniya səfirliyi Vyana konvensiyaları ilə müəyyən edilmiş hüdudları çox aşıb. Lakin ən əsası odur ki, söhbət təkcə məsələnin formal tərəfindən və bəyan edilmiş fəaliyyətə uyğunsuzluqdan deyil, həm də xalqımıza zərər vurmağa yönəlmiş bu cür aksiyalardan gedir", - o bildirib.

“Rossiya 24” telekanalı isə Britaniya səfirliyinin həmin əməkdaşlarının adlarını açıqlayıb: Cessika Deyvenport, Qreys Elvin, Endryu Daft Kallum, Ketrin Makdonnal, Tomas Con Hikson və Bleyk Pattel.