FTB Con Boltonun evində və ofisində axtarış aparıb
23 Avqust 2025
Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşları ABŞ Prezidenti Donald Trampın keçmiş müşaviri Con Boltonun evində axtarış aparıblar.
Bu barədə ABŞ KİV-ləri prezident administrasiyasındakı mənbəyə istinadən xəbər verir.
"FTB agentləri cümə günü səhər saatlarında Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun Kolumbiya dairəsindəki evinə milli təhlükəsizliklə bağlı yüksək səviyyəli araşdırma çərçivəsində basqın ediblər", - o deyib.
Bundan əlavə, FTB əməkdaşları Boltonun işlədiyi Vaşinqtondakı ofisində də axtarış aparıblar.
Araşdırma FTB direktoru Keş Patelin göstərişi ilə aparılır. O, "X" sosial şəbəkəsindəki səhifəsində yazıb: "Heç kim qanundan üstün deyil".
Bununla belə, o, 2018-2019-cu illərdə Trampın milli təhlükəsizlik müşaviri olmuş Bolton haqqında araşdırma barədə heç nə bildirməyib.
ABŞ Prezidenti Donald Tramp keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun evində axtarış aparılmasından xəbərsiz olduğunu bildirib.
Bununla belə, Ağ Evin rəhbəri Con Boltonun pərəstişkarı olmadığını vurğulayıb.
“Mən bu barədə bilmək istəmirəm. Buna ehtiyac yoxdur. Bəlkə də belə daha yaxşı olar”, - deyə o, keçmiş müşaviriniin evində axtarış aparılmasına reaksiya verib.
Buna baxmayaraq, Prezident Boltonu hökumətə sədaqətsiz hesab etdiyini vurğulayıb.
“O, çox qeyri-vətənpərvər ola bilər, bunu öyrənəcəyik”, - o, fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Bolton əvvəllər 2020-ci ildə nəşr olunan "Hadisənin baş verdiyi otaq" kitabına məxfi məlumatlar daxil etməkdə ittiham olunub. Tramp dövlət sirri təşkil edən məlumatlar səbəbindən kitabın nəşrinin qarşısını almağa çalışıb və iddia edib ki, Bolton işə qəbul şərti kimi imzaladığı məxfilik sazişini pozub, lakin nəticədə prezidentin səyləri uğursuz olub.