Logo
news content
User
Kateqoriyalar

Xəbər

FSB "terror aktı planlaşdıran" Ukrayna əsilli şəxsi güllələyib

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Tümen sakininin Uraldakı sənaye müəssisələrindən birində terror aktı hazırlayarkən "zərərsizləşdirildiyini" açıqlayıb. TASS agentliyi bu barədə qurumun İctimaiyyətlə Əlaqələr Mərkəzinə istinadən məlumat yayıb.

Təhlükəsizlik orqanlarının iddiasına görə, Ukrayna SSR-də doğulmuş 60 yaşlı şəxs "Telegram" vasitəsilə Ukrayna xüsusi xidmət orqanlarının nümayəndəsi ilə əlaqə yaradıb, onun tapşırığı ilə Ural Federal Dairəsində yerləşən iri sənaye müəssisəsində terror aktı hazırlığına başlayıb.

FSB iddia edir ki, həmin şəxs saxlanılarkən əməkdaşlara atəş açıb və cavab atəşi ilə öldürülüb.

Rusiyanın İstintaq Komitəsi şübhəli şəxs barəsində terror aktına hazırlıq, odlu silah, döyüş sursatı və partlayıcı qurğuların qanunsuz dövriyyəsi, həmçinin hüquq-mühafizə orqanları əməkdaşlarının həyatına qəsd maddələri ilə cinayət işi qaldırıb.

"Vacib Hekayələr" nəşrinin hesablamalarına görə, bu, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalından bəri FSB-nin əməliyyat zamanı şübhəlini öldürdüyünü açıqladığı 87-ci haldır.