FSB Azərbaycan vətəndaşını terror hazırlamaqda ittiham edir
09 Sentyabr 2025
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Azərbaycan vətəndaşını Yesentuki və Stavropolda teraktlar hazırlamaqda ittiham edir.
TASS dövlət xəbər agentliyi həmin vətəndaşa terakt hazırlamaq şübhəsi ilə ittiham irəli sürüldüyünü yazır.
FSB bildirir ki, saxlanılan şəxs Rusiyada qadağan olunmuş Ukrayna terror təşkilatına girib, daha sonra "təşkilatın rəhbərlərinin tapşırığı ilə Yessentukidə və Stavropolda bir sıra obyektlər – xüsusilə də hüquq-mühafizə orqanlarının inzibati binaları və nəqliyyat infrastrukturu barədə kəşfiyyat məlumatı yığıb".
Həmin şəxsin gərəkən əldəqayırma partlayıcı qurğuların hazırlanması üçün komponentlər əldə etdiyi, onları gizlətdiyi, teraktlar üçün bir neçə partlayıcı qurğu hazırlamağı planlaşdırdığı iddia olunur.
FSB saxlanılan şəxsin Azərbaycan silahlı qüvvələrinin xüsusi bölmələrində xidmət keçdiyini, teraktın hazırlanmasında öz bilik və bacarıqlarından istifadə etmək niyyətində olduğunu bildirir.