Logo
news content
User
Kateqoriyalar

Xəbər

Fransa bir ildə ikinci dəfə hökumətsiz qalıb, Makron yeni baş nazir təyin edəcək

Fransa parlamentinin aşağı palatası - Milli Assambleya Fransua Bayru hökumətinə etimadsızlıq votumu elan edib. İndi baş nazir istefa verməlidir.

364 deputat kabinetə etimadsızlığa səs verib, yalnız 194 deputat Bayrunu dəstəkləyib.

74-yaşlı mərkəzçi Bayru cəmi doqquz ay əvvəl baş nazir olub. O vaxt o, parlamentin dəstəyini almışdı. Lakin bu dəfə həm solçu, həm də sağçı müxalifət kabinetin istefasını tələb edib. Prezident Emmanuel Makronun tərəfdarları parlamentdə çoxluqda deyillər və onun baş nazirliyə parlamentdə dəstək tapacaq namizədi təqdim edə bilib-bilməyəcəyi bəlli deyil.

Şərhçilər deyirlər ki, dövlət maliyyəsinin vəziyyəti Bayru hökumətinin süqutunun əsas səbəbidir. Bayru qənaət tədbirləri ilə büdcə kəsirinin azaldılmasını nəzərdə tutan büdcəni parlamentdən keçirməyə çalışdı. Lakin bunu nə sağçı, nə də solçu populistlər dəstəklədi.

Sosialistlər Makron baş nazir postunu onlara həvalə edərsə, hökumətin rəhbərliyini öz üzərilərinə götürməyə hazır olduqlarını bildiriblər. Birləşmiş solçular son seçkilərdə ifrat sağçı Milli Birliyi qabaqlayaraq qalib gəliblər. Bununla belə, Makron artıq iki dəfə solçuların nümayəndələrinə kabinet qurmağı etibar etməyib.

Milli Birlik və ifrat solçu "Əyilməz Fransa" parlamentin buraxılmasını və yeni seçkilərin təyin olunmasını tələb edir. Şərhçilər Makronun sonda bu addımı atacağını istisna etmirlər. Halbuki əvvəlki seçkilər cəmi bir il əvvəl, həm də vaxtından əvvəl keçirilib.

Yelisey Sarayından bildiriblər ki, Makron "yaxın günlərdə" yeni baş nazir təyin edəcək, o da hökuməti formalaşdırmaq üçün parlamentin dəstəyini almalı olacaq.