Logo
news content
User
Kateqoriyalar

Xəbər

FİFA reytinqi - Yaxşıların yaxşıları

Robert Levandovski FİFA-nın 2021-ci il üçün sorğusunda dünyanın ən yaxşı futbolçusu seçilib. Milli komandaların baş məşqçiləri və kapitanlarının, həmçinin jurnalistlərin qatıldığı sorğu polşalı hücumçunu 2020-ci ilin yekunlarına görə də qalib elan etmişdi.

1988-ci il təvəllüdlü Robert Levandovski Polşanın “Zniç”, “Lex”, Almaniyanın “Borussiya” (Dortmund) komandalarında oynayıb. 2014-cü ildən Almaniyanın “Bavariya” klubunun uğurları üçün çalışır.

O, 2008-ci ildən Polşa milli komandasının şərəfini qoruyur.

Titullarına gəlincə, Polşa çempionu, Polşa kubokunun sahibi, 9 dəfə Almaniya çempionu, 4 dəfə Almaniya kubokunun qalibi olub. Həmçinin UEFA Çempionlar Liqasının və superkubokunun qalibi, klublar arasında dünya çempionudur.

Novator.az bildirir ki, FİFA ilin ən yaxşı futbolçusu mükafatını 1991-ci ildə təsis edib. 2010-2015-ci illərdə mükafat Fransanın “France Football” nəşri ilə birgə təqdim olunub və “FİFA-nın Qızıl topu” adlanıb.

1991-2009-cu illərdə mükafatı Ronaldo (Braziliya) və Zinəddin Zidan (Fransa) hərəyə 3 dəfə, Ronaldinyo (Braziliya) 2 dəfə, Lotar Matteus (Almaniya), Marko van Basten (Niderland), Roberto Bacco (İtaliya), Romario (Braziliya), Corc Vea (Liberiya), Rivaldo (Braziliya), Luiş Fiqu (Portuqaliya), Fabio Kannavaro (İtaliya), Kaka (Braziliya), Kriştiano Ronaldo (Portuqaliya) və Lionel Messi (Argentina) hərəyə 1 dəfə alıb.

2010-2015-ci illərdə Lionel Messi 4, Kriştiano Ronaldo 2 dəfə dünyanın ən yaxşı futbolçusu seçilib.

2016-2021-ci illərdə Kriştiano Ronaldo və Robert Levandovski hərəyə 2 dəfə, Luka Modriç (Xorvatiya) və Lionel Messi hərəyə 1 dəfə mükafat alıblar. (Novator)