Logo
news content
User
Kateqoriyalar

Xəbər

Fərrux yüksəkliyi niyə əhəmiyyətlidir?


Azərbaycanın Fərrux kəndinə nəzarəti ələ keçirməsi ilə bağlı açıqlamasından sonra bəzi yerli təhlilçilər bu ərazini "Xankəndinə gedən yol" kimi qiymətləndiriblər.





Azərbaycan hərbçilərinin Fərrux kəndi və yaxın yüksəklikləri nəzarətə götürməsi Rusiya və Azərbaycan müdafiə nazirlikləri arasında ittiham xarakterli qarşılıqlı açıqlamalarla müşahidə olunmuşdu.





Rusiya Müdafiə Nazirliyi Azərbaycanı "atəşkəsi pozmaqda" ittiham edərək bəyan etmişdi ki, Azərbaycan hərbçiləri Fərrux kəndindən geri çəkilib.





Rusiyanın atəşkəs barədə iddialarını "həqiqətə uyğun olmayan" adlandıran Azərbaycan Müdafiə Nazirliyi bunu təkzib edərək silahlı qüvvələrinin geri çəkilmədiyini bildirmişdi.




Sonradan yerli mediada yayılan, Fərrux kəndinə Azərbaycan bayrağının sancılmasının əks olunduğu deyilən görüntülər nə Rusiya, nə də Azərbaycan rəsmiləri tərəfindən təkzib olundu.





BBC News Azərbaycancaya danışan bəzi təhlilçilərə görə, nazirliklər səviyyəsində müşahidə edilən bu gərginlik siyasi müstəviyə keçməyəcək. Təhlilçilərə görə, Fərrux kəndi etnik ermənilərin yaşadığı, Rusiya sülhməramlılarının nəzarət etdiyi Xankəndinə Azərbaycan hərbçilərinin "yolunu açdığı" üçün əhəmiyyətlidir.




Fərrux kəndi ətrafında müdafiə və xarici işlər nazirlikləri səviyyəsində açıqlamalar verilərkən, sosial mediada bu kənddə çəkildiyi iddia edilən bir video yayılıb: görüntülərdə yerli medianın Azərbaycan hərbçiləri kimi təqdim etdiyi şəxslər Rusiya sülhməramlısı olduğu iddia edilən adamlara bildirir ki, onlar öz missiyalarını yerinə yetirmirlər, bu ərazidən Azərbaycan ordusunun mövqeləri atəşə tutulur. Azərbaycan hərbçisi geyimində olan şəxs "təcili kənd boşalmalıdır, heç kimə güllə atmırıq" deyir.





O vaxt Ermənistan mediası Qarabağdakı mənbələrə əsasən yazmışdı ki, Azərbaycan silahlı qüvvələrinin Əsgəranın Parux (Xocalının Fərrux-red. ) kəndinə keçməsinə görə Əsgəranın Xramort (Xocalının Pirlər - red.) kəndinin əhalisi ərazidən çıxarılıb.





Azərbaycanın Xocalının Pirlər kəndi saydığı ərazini yerli ermənilər Əsgəran inzibati ərazisi daxilində Xramort kəndi olaraq hesab edir.





Rusiya sülhməramlılarının nəzarəti altında Qarabağın ermənilər yaşayan hissəsində, özünü "dövlət naziri" adlandıran Artak Beglaryan bildirib ki, Fərrux və Pirlər kəndlərindən 200-dək şəxs çıxarılıb.





Ermənistanın baş naziri Nikol Paşinyan martın 26-da Rusiya Prezidenti Vladimir Putinlə apardığı telefon danışığı zamanı, Azərbaycan ordusunun "irəliləməsindən narahat olduğunu" deyib. Rusiya mətbuatının bildirdiyinə görə, Ermənistanın hökumət rəhbəri qeyd edib ki, Azərbaycan ordusunun əvvəlki mövqeyinə qaytarılması üçün "Rusiya sülhməramlılarının müəyyən addımlar atmasına" ehtiyac var.





Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanı "məsələni süni şəkildə şişirdərək dezinformasiya ilə məşğul" olmaqda ittiham edərək, bölgədə sülh və sabitliyin təmin ediməsinin "yeganə yolunun imzalanmış birgə bəyanatların müddəalarının tam icrası, o cümlədən erməni qanunsuz birləşmələrinin qalıqlarının bölgədən tam çıxarılması" olduğunu deyib.





Fərrux yüksəkliyinin strateji əhəmiyyəti varmı?





Azərbaycan ordusu Fərrux kəndi istiqamətində irəlilədikdən sonra Qarabağdakı erməni silahlıları da öz döyüş mövqelərini gücləndiriblər, Ermənistan mediası çərşənbə günü yazıb.





Azərbaycanın Fərrux kəndində olmasına dair açıqlamasından bir gün sonra ölkənin müdafiə naziri Zakir Həsənov keçirilmiş xidməti müşavirədə Qarabağdakı əməliyyat şəraiti barədə "geniş təhlil aparıb".





Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, müdafiə naziri "hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və ayıq-sayıqlığın artırılması barədə vəzifəli şəxslərə konkret tapşırıqlar" verib.





Hərbi təhlilçi Üzeyir Cəfərov hesab edir ki, rəsmi Bakının Fərrux kəndini nəzarətinə götürməsi ərazinin "hərbi strateji baxımdan Azərbaycan üçün böyük əhəmiyyət" daşımasından irəli gəlir.





"Fərrux kəndindən Xankəndinə birbaşa yol var. Eyni adlı yüksəkliyin ələ keçirilməsi Xankəndinin iki addımlığında olmaq deməkdir. Həmin ərazinin strateji əhəmiyyəti budur," Üzeyir Cəfərov deyib.





Onun sözlərinə görə, Azərbaycan ordusunun "yenidən bu ərazilərdə yerləşməsi Xankəndidə və digər ətraf ərazilərdə baş verənləri nəzarətdə saxlamağa imkan verəcək".





O, BBC News Azərbaycancaya müsahibəsində həmçinin qeyd edib ki, ötən əsrin 90-cı illərində də Azərbaycanın milli qəhrəmanı adı verilmiş Şirin Mirzəyevin rəhbərliyi ilə "o yüksəklik uğrunda çox gərgin mübarizə" gedib.




Qarabağda gərginliyin artması nədən irəli gəlir?




Beynəlxalq Böhran Qrupunun təhlilçisi Zaur Şiriyev deyir ki, "təxminən iki ay əvvəl Azərbaycan öz hərbi mövqelərinin Qarabağda, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidəki erməni silahlı birləşmələri tərəfindən atəşə tutulduğunu bildirib" və onun fikrincə, "gərginliyin kökü" bu vaxta gedib çıxır.





Fevralda Azərbaycan Müdafiə Nazirliyi Tərtər, Xocavənd və Füzulidə yerləşən mövqelərinin "Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən" fasilələrlə atəşə tutduğunu xəbər vermişdi.





Mart ayının əvvəllərində isə nazirlik bildirmişdi ki, "qanunsuz erməni silahlıları" martın 8-dən 9-na kimi Azərbaycanın Xocalı və Goranboy rayonlarında yerləşən mövqelərini atəşə tutub.





Həmin vaxt Ermənistan mətbuatı yazırdı ki, Qarabağdakı "erməni qüvvələri Azərbaycan mövqelərini atəşə tutmayıb, əksinə, martın 7-də iki dəfə və martın 8-də üç dəfə Xramot kəndi və kənd qəbiristanlığı minaatanlardan" atəşə tutulub.





Azərbaycan mülkiləri hədəf almadığını deyib.





Zaur Şiriyevə görə, Azərbaycanı narahat edən məqam bu ərazilərdəki "təhlükəsizlik şəraiti və gələcəkdə Ağdam ərazisində aparılacaq infrastruktur layihələrə təhlükə törətmə riskinin" olması idi:





"Biz görürük ki, Azərbaycanın Müdafiə Nazirliyi dislokasiya işləri çərçivəsində Fərrux kəndi və ətrafına nəzarəti ələ keçirdiyini bildirir. Lakin hadisələrin necə cərəyan etməsi barədə müxtəlif versiyalar və fikirlər səsləndirilir. İctimaiyyətə hadisələr təfsilatı ilə açıqlanmayıb və bu da əsaslandırılmamış fikirlərin cərəyan etməsinə səbəb ola bilir".





Təhlilçi BBC-yə açıqlamasında deyib ki, rəsmi Bakı İkinci Qarabağ müharibəsinin bitməsinə səbəb olan 10 noyabr bəyanatının 4-cü bəndinə istinad edərək, Azərbaycan ordusu və Rusiya sülhməramlılarının olduğu ərazilərdə "3-cü növ hərbi birləşmənin mövcudluğunu qəbul etmir".





Ermənistan 10 noyabr bəyanatının 1-ci bəndini əsas gətirərək, Azərbaycanın bu müddəanın tələbini "pozduğunu" bildirib.





Azərbaycan bir neçə dəfə Ermənistanı və Rusiyanı Qarabağdan erməni silahlılarını çıxarmağa çağırıb.


10 noyabr bəyanatının 1-ci müddəasında tərəflərin hazırda tutduqları mövqedə qalması göstərilir, amma 4-cü müddəasında deyilir ki, Rusiya sülhməramlıları Qarabağda erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. İndiyədək bu müddəalar Azərbaycan və Ermənistan arasında fərqli şərh edilib və ziddiyyətli mövqe yaradıb.




Fərrux kəndi ətrafında baş verənlərdən sonra Rusiya Müdafiə Nazirliyi Azərbaycanı 10 noyabr bəyanatını "pozmaqda" ittiham edib.





Azərbaycan isə 10 noyabr bəyanatına sadiq olduğunu deyib və Rusiyanın öz açıqlamalarında "Dağlıq Qarabağ" ifadəsindən istifadə etməsini "ərazi bütövlüyünə qarşı hörmətsizlik" sayıb. O cümlədən, Azərbaycan xahiş edib ki, Rusiya öz bəyanatlarında Azərbaycan ərazilərinin adını "düzgün olaraq göstərsin".





İki ölkə arasında yaranmış bu gərginliyə Kreml sözçüsü Dmitriy Peskov reaksiya verərək deyib ki, "hazırda baş verən ziddiyyətlərin aradan qaldırılması üçün" Rusiyanın Müdafiə Nazirliyi Azərbaycan və Ermənistanın müvafiq qurumları ilə danışıqlar aparır.




Moskva məsələnin "şişirdilməməsinə çalışır"




Rusiya Beynəlxalq Məsələlər Şurasının baş katibi Andrey Kortunov BBC News Azərbaycancaya müsahibəsində bildirib ki, Peskovun çıxışı rəsmi Moskvanın "məsələni şişirtmək istəmədiyini" göstərir.





"Peskovun sözlərindən belə başa düşmək olar ki, Rusiya belə bir texniki məsələni siyasi səviyyəyə daşımaq istəmir."





O, zaman-zaman hərbi müstəvidə yaranan narazılıqlara diqqət çəksə də, baş verənlərin "siyasi böhrana" gətirib çıxaracağı ehtimalları inkar edib.





Təhlilçi qeyd edib ki, Rusiya və Azərbaycan diplomatik münasibətlərin qurulmasının 30 illiyini keçirməyə hazırlaşır.





"Belə bir ərəfədə, eyni zamanda Rusiyanın bütün diqqətinin Ukraynaya yönəldiyi dövrdə Kreml administrasiyası Azərbaycanla siyasi əlaqələrin pozulmasında maraqlı deyil", - Andrey Kortunov deyib.




Toponim mübahisəsi




Analitik mərkəzin rəhbəri Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığına diqqət çəkərək, tərəflər arasında "toponim mübahisəsində" Rusiya Müdafiə Nazirliyinin sərgilədiyi mövqeyi anlamadığını deyir.





Millət vəkili Zahid Oruc isə hesab edir ki, Rusiya və Azərbaycan arasında toponimlərlə bağlı narazılıqlar "hüquqi müstəvidə" həll edilməlidir: "Çox ümidvarıq ki, bundan sonrakı məsələlər danışıqlar yolu ilə öz həllini tapacaq".





Zahid Oruc hesab edir ki, baş verən son hadisələr iki ölkə arasında münasibətləri gərginləşdirməyəcək.





Beynəlxalq Böhran Qrupunun əməkdaşı Zaur Şiriyev deyir ki, son il yarım ərzində Azərbaycan müdafiə və ya xarici işlər nazirliklərinin xətti ilə toponimlərə hörmət edilməsi ilə bağlı Rusiyaya dəfələrlə müraciətlər edib və bu tip məsələlər siyasi problemə çevrilməyib:





"Hadisələr göstərir ki, Azərbaycan ilə Ermənistan arasında substantiv danışıqların başlanmasına ehtiyac böyükdür. Bu çərçivədə Ermənistan baş nazirinin Rusiyaya aprel ayındakı səfərindən sonra diplomatik danışıqlara qayıtmaq ehtimalı yarana bilər, amma bu çərçivədə Qərb dövlətlərinin də aktiv olmasına ehtiyac var," - Zaur Şiriyev əlavə edib.





Martın 29-da Azərbaycan və Ermənistan bölgədə gərginliyin artmasına görə bir-birlərini ittiham etsələr də, sülh sazişi üzrə danışıqlara başlamağa "hazır olduqlarını" təkrarlayıblar. (BBC)