Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ət bahalaşıb

Azərbaycanda dana əti bahalaşmaqda davam edir. Ölkə vətəndaşlarının AzadlıqRadiosuna bildirməsinə görə, dana ətinin qiymətində son bahalaşma xüsusilə paytaxt Bakıda özünü daha aydın göstərir. Onların deməsinə görə, əgər Bakıda ötən ilin sonunda bir kiloqram sümüklü ət əsasən 16 manat 50 qəpiyə satılırdısa, indi bu, 17 manat 50 qəpiyə - 18 manata yüksəlib.

Rayonlarda da dana ətinin qiymətində bahalaşma olduğu qeyd edilir. Amma paytaxt Bakı ilə müqayisədə bunun cüzi olduğu bildirilir.

Ət satışı yerlərində bunu ölkədə iribuynuzlu mal-qaranın azalması ilə izah edirlər. Adlarının çəkilməsini istəməyən fermerlər isə paralel olaraq mal-qara yeminin bahalaşmasını və müxtəlif xəstəlikləri də səbəb göstərirlər.

Məsələyə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Amma ekspertlər Azərbaycanda ətin bahalaşmasının artıq tendensiya halını aldığını deyirlər və bunu, əsasən, ölkədə son 10 ildə pambıqçılığın inkişafı adı altında örüş yerlərinin azaldılması ilə izah edirlər.

Dövlət Statistika Komitəsinin (DSK) hesabatına görə, quş əti də daxil, ölkədə ət istehsalı sabit qalıb. Qurumun açıqlamasına görə, son üç ildə ölkədə iribuynuzlu mal-qaranın sayı 220 min azalıb, ötən il 2 milyon 435 min baş təşkil edib.