Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan XİN Zəngəzur yoluna nəzarətin özəl şirkətə verilməsi mümkünlüyünü təkzib etmir

Ermənistan XİN Zəngəzur dəhlizinə nəzarətin özəl şirkətə verilməsi məsələsinin Bakı ilə müzakirə olunub-olunmaması ilə bağlı şərh vermir. 

"Ermənistan Respublikası suverenliyə hörmət, milli yurisdiksiya, bərabərlik və qarşılıqlılıq prinsiplərinə əsaslanaraq, regionda kommunikasiyaların açılması prosesində konstruktiv şəkildə iştirak edir", deyə idarədən Sputnik Armenia Agentliyinin sorğusuna cavabda bildiriblər.

Bir müddət əvvəl Bakı və Yerevan Zəngəzurdan keçən kommunikasiyalara nəzarətin təhlükəsizlik məsələləri üzrə beynəlxalq özəl şirkətə verilməsi mümkünlüyünü müzakirə etdiklərini bildirib. Bu ideya Avropa İttifaqı Şurasının sədri Şarl Mişel tərəfindən, bu yola nəzarətin beynəlxalq standartlar səviyyəsində həyata keçirilməsi və hər iki tərəfi qane etməsi məqsədilə güzəşt kimi irəli sürülmüşdü.

Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, yola nəzarəti Rusiya sərhədçiləri həyata keçirməli idi. Lakin sonradan Yerevan bu razılaşmadan imtina edib, yola nəzarətin Ermənistanda qalacağını bəyan edib. Bakı bu tələbi qəbuledilməz hesab edib və məsələ həll edilməmiş olaraq qalıb.