Ermənistan parlamenti Karapetyanın şirkətini milliləşdirir
03 İyul 2025
Ermənistan parlamenti həbsdə olan biznesmen Samvel Karapetyana məxsus "Ermənistanın Elektrik Şəbəkələri" şirkətinin milliləşdirilməsi haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib. AzadlıqRadiosunun erməni xidməti xəbər verir ki, 65 deputat qanun layihəsinin lehinə, 30 deputat isə əleyhinə səs verib.
Sənədə parlamentin növbədənkənar iclasında sürətləndirilmiş rejimdə baxılır. İkinci oxunuş bir neçə saatdan sonra baş tutacaq.
Karapetyan 2015-ci ildə "Inter RAO"dan alınmış "Ermənistan Elektrik Şəbəkələri" ASC-ni Kiprdə qeydiyyatdan keçmiş "Liormand Holdings Limited" şirkəti vasitəsilə idarə edir. İyunun 30-da işadamının ailəsi Ermənistan hökumətini investisiya mübahisəsinin başlanması barədə xəbərdar edib. Bu, Ermənistan və Kipr hökumətləri arasında investisiyaların təşviqi və qorunması haqqında sazişə əsaslanır və investorlara dövlət tərəfindən hüquqları pozularsa, beynəlxalq arbitraja müraciət etmək hüququ verir.
"Tashir Group"un ofisində axtarış aparılıb
Ermənistan İstintaq Komitəsi saxlanılan S.Karapetyana məxsus "Tashir Group"da nə məqsədlə axtarışın aparıldığı barədə detallı məlumat verməyib. Yalnız bildirilib ki, komitədə araşdırılan cinayət işi çərçivəsində təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilir.
Karapetyan Rusiyada "Tashir" şirkətlər qrupuna və "Rio" ticarət mərkəzləri şəbəkəsinə sahibdir. "Forbes" jurnalı bildirir ki, o, Rusiyadakı milyarderlər siyahısında 44-cü yerdədir və sərvəti 3.2 milyard dollar qiymətləndirilir. O, iyunun 17-si axşam saatlarında evində axtarış aparıldıqdan sonra saxlanılıb, növbəti gün isə Karapetyana qarşı Ermənistanda hakimiyyətin ələ keçirilməsinə çağırış ittihamı irəli sürülüb.
Milyarderin həbsi onun Ermənistan baş naziri ilə polemikası fonunda baş verib. Ermənistan Apostol Kilsəsini tənqid edən baş nazir Paşinyan katolikos II Qaregini vəzifəsini tərk etməyə çağırıb. Ermənistan Apostol Kilsəsi bəyanatla çıxış edərək Paşinyanı kilsəyə qarşı kampaniya aparmaqda ittiham edib. Karapetyan kilsəni dəstəkləyərək bildirib ki, "əgər siyasətçilər uğursuz olsalar, biz kilsəyə qarşı kampaniyaya öz üsulumuzla müdaxilə edəcəyik".