Ənvər Həsənov insult keçirib
20 Yanvar 2025
Xalq artisti Ənvər Həsənov insult keçirib.
Bu barədə aktyorun qızı məlumat verib.
Onun sözlərinə görə, Xalq artisti bir neçə gündür xəstəxanadadır:
“Yanvarın 9-da aparmışdıq xəstəxanaya. Özünü yaxşı hiss etmirdi. Cümə günü xəstəxanada insult keçirdi və daha da ağırlaşdı. İki gün reanimasiyada qalandan sonra palataya köçürüldü. Müalicəsi davam etdirilir”.
TƏBİB-dən isə bildirilib ki, yanvarın 10-da saat 10:15-də Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub.
Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib.
Yanvarın 17-də vəziyyətinin ağırlaşması səbəbilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.
Yanvarın 18-də vəziyyəti stabilləşən Xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb. Hazırda həmin şöbədə müalicəsi davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir.
Qeyd edək ki, 72 yaşlı aktyor Ə.Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.