Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əməliyyat keçirilən Lənkəranın İcra Hakimiyyəti başçısı Bakıdadır

Lənkəranın icra başçısı Taleh Qaraşov hazırda Lənkəranda deyil. Onun Bakıda olduğu deyilir.

İcra başçısının həbslərlə bağlı Bakıya çağırıldığı ehtimal olunur. Lakin Baş Prokurorluqdan və hüquq-mühafizə orqanlarından bu barədə hər hansı açıqlama verilməyib.

İcra hakimiyyətindəki həbslərlə əlaqədar Lənkəranın deputatları Rüfət Quliyev və Cavanşir Paşazadə əməliyyatdan xəbərsiz olduqlarını bildiriblər.

Qeyd edək ki, Taleh Qaraşov Lənkəran rayonuna 2012-ci ildə icra başçısı təyin edilib. Bundan öncə o, Kürdəmirin (1996–2002), Cəlilabadın (2002–2006), Neftçala (2006–2011) və Astara rayonlarının icra başçısı (2011–2012) vəzifəsində çalışıb.

Xatırladaq ki, bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçiriblər. Əməliyyat zamanı İH-nin bir neçə nəfər vəzifəli şəxsi də saxlanılıb. Onlardan biri İH-nin Memarlıq və tikinti şöbəsinin müdiri, rayonun baş memarı Elgün Abdullayevdir. (Modern.az)