Əliyev və Şolts Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə ediblər
19 İyul 2024
Azərbaycan prezidenti İlham Əliyev və AFR kansleri Olaf Şolts iyulun 18-də Oksfordda Avropa Siyasi Birliyinin zirvə toplantısı çərçivəsində keçirdikləri görüşdə Bakı və Yerevan arasında normallaşma prosesini müzakirə ediblər.
Azərbaycan dövlət başçısının saytında yer alan məlumata görə, Şolts Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyini dəstəklədiyini diqqətə çatdırıb.
Aprel ayında Şoltsun iştirakı ilə Azərbaycan prezidentinin Ermənistan baş naziri ilə görüşü keçirilib.
Bunun ardınca Almaniyanın dəstəyi və ev sahibliyi ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşünün keçirildiyi qeyd olunub.
Şoltsla görüşdə Əliyev Ermənistan ilə Azərbaycan arasında danışıqlar prosesinin tərkib hissəsi kimi sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində əldə olunmuş uğurları xüsusi qeyd edib. O, həmçinin delimitasiya prosesi ilə əlaqədar sənədlərin razılaşdırıldığını və prosesin bu xətt üzrə davam edəcəyini bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan sülh gündəliyini, sülh müqaviləsinin tezliklə imzalanmasını və sülh prosesini dəstəkləyir. Amma bunun üçün, ilk növbədə, Ermənistanın konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar və Azərbaycanın Qarabağ regionunun Ermənistanla birləşməsini nəzərdə tutan müddəalar dəyişdirilməli, konstitusional əsasda Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda ABŞ Dövlət katibi Antoni Blinkenin dəstəyi ilə keçirilmiş görüşündə də bu məsələlərin müzakirə olunduğu vurğulanıb.
Görüşdə COP29-la əlaqədar hazırlıq prosesi müzakirə olunub. Azərbaycan ilə Almaniyanın bu sahədəki əməkdaşlığı təqdir edildi və yüksək qiymətləndirilib.
Azərbaycan dövlət başçısı Azərbaycanın COP29-la əlaqədar dünya ölkələri, xüsusilə Qlobal Cənub və Qlobal Şimal arasında konsensusun qurulması, həmrəyliyin artırılması istiqamətində səylərini bundan sonra da davam etdirəcəyini vurğulayıb.
Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilib.
Almaniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıldı və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.