Əliyev Kazanda keçiriləcək BRİCS sammitinə dəvət olunub
30 Avqust 2024
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrda Kazanda keçiriləcək BRİCS sammitinə dəvət olunub. Rəsmi Moskva Bakının müvafiq birliyə üzvlüklə bağlı müraciətini dəstəkləyir.
Bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə məlumat verib.
Azərbaycanın BRİCS-ə qoşulmaq üçün müraciətinə münasibət bildirən nazir müavini Moskvanın buna çox sevindiyini qeyd edib.
“Biz Azərbaycanın müraciətini dəstəkləyirik. Hesab edirik ki, Azərbaycan BRİCS-ə qoşulmaqla, şübhəsiz ki, əlavə dinamika və unikal təcrübə, o cümlədən eyni vaxtda və konstruktiv şəkildə bir çox gündəmdə işləmək təcrübəsi gətirəcək güclü namizəddir”, - Ryabkov deyib.
O həmçinin qeyd edib ki, BRİCS-in kvintessensiyası təzyiq və şantajın inkarı və beynəlxalq hüququn prinsip və normalarına hörmətdir.
“Bütün bunlar Azərbaycanın Prezidentinin rəhbərliyi altında həyata keçirdiyi siyasətə tam uyğundur. Bizim Azərbaycanla əla münasibətlərimiz var. Hesab edirəm ki, BRİCS-ə doğru hərəkət və BRİCS ilə yaxınlaşma davam edəcək, amma eyni zamanda qeyd etmək istərdim ki, BRİCS-də bütün qərarlar konsensusla qəbul edilir. Sədrlikdən çox şey asılı olur, amma heç də hər şey deyil”, - nazir müavini vurğulayıb.
O həmçinin əlavə edib ki, ötən il Yohannesburqda keçirilən sammitdə verilən tapşırıqlara uyğun olaraq, Prezident İlham Əliyevin dəvət olunduğu Kazan sammitinə gələcək tərəfdaş dövlətlərin siyahısı hazırlanır.
“Müxtəlif imkanlar, müxtəlif alqoritmlər var. Amma biz Azərbaycanın BRİCS-ə qoşulmaq ilə bağlı müraciətini dəstəkləyirik”, - Ryabkov bildirib.
Xatırladaq ki, avqustun 20-də Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Azərbaycanın BRİCS-ə qoşulmaq üçün rəsmi müraciət etdiyini açıqlamışdı. Bu barədə qurumun özü də “X” sosial şəbəkəsindəki rəsmi hesabında xəbər yerləşdirib.
Avqustun 21-də Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov bildirib ki, Azərbaycanın BRİCS-ə qoşulmaq üçün rəsmi müraciətinə Kazan sammitində baxıla bilər.
BRİCS 2006-cı ildə yaradılan hökumətlərarası təşkilatdır və tərkibinə Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirlikləri daxildir.