Əliyev Babişi qarşılayıb, təkbətək və geniş tərkibdə görüş olub
27 Aprel 2026
Qəbələdə aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Çexiyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişi qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Çexiyanın Baş nazirinə raport verdi.
Çex Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Çexiyanın Baş naziri Andrey Babişin qarşısından keçdi.
Azərbaycan nümayəndə heyətinin üzvləri Baş nazir Andrey Babişə, Çexiya nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olundu.
Sonra rəsmi foto çəkdirildi.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin Çex Respublikasının Baş naziri Andrey Babişlə təkbətək, eləcə də geniş tərkibdə görüşü olub.
Məlumatı Prezidentin mətbuat xidməti yayıb.