Ələsgər Məmmədlinin səhhətindəki problemlər artıb
01 İyul 2024
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Toplum TV-nin təsisçisi Ələsgər Məmmədlinin səhhəti pisləşməyə davam edir, bu barədə Turan-a onun qardaşı Nəsimi Məmmədli bildirib.
"Bu gün Ələsgər İstintaq Təcridxanasından zəng edib. Biz 5-6 dəqiqə danışdıq. O, çətinliklə, tez-tez fasilə verərək danışırdı, vaxtaşırı öskürürdü. Boğazında şiş böyüdüyünə görə o, yuxusuzluqdan əziyyət çəkir. Daimi baş ağrıları var. Həkimlər təhlil üçün üç yaxma (boğazından) götürüblər. 2-3 gün sonra cavabları məlum olacaq. Sonuncu görüşdə mən ona ağrıkəsici dərmanlar vermişdim, lakin onlar onun vəziyyətinə təsir etməyib", deyə N.Məmmədli bildirib.
O xatırladıb ki, iyunun 22-də mülki klinikada biopsiya təhlilindən sonra Ə.Məmmədli İstintaq Təcridxanasına qaytarılıb.
"Ələsgərin stasionar müalicəyə ehtiyacı olmasına baxmayaraq, onu hələ də İstintaq Təcridxanasında saxlayırlar. O, vəkillə görüşüb və klinikaya aparılarkən ona qarşı pis rəftarla bağlı beynəlxalq məhkəməyə ərizə göndərib", deyə N.Məmmədli bildirib.
Səhhətindəki ciddi problemlərə baxmayaraq, Ə.Məmmədli ruh yüksəkliyini qoruyub saxlayır və ona dəstək ifadə edən hər kəsə salamlarını göndərib.
* 6-8 mart tarixlərində Toplum TV-nin və onun tərəfdaşı olan təşkilatın - Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunublar. Yeddi nəfər həbs olunub, iki nəfər isə polis nəzarətinə verilib.
Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli də valyuta qaçaqmalçılığında ittiham olunub. Onun mənzilində axtarış zamanı guya 7300 avro tapılıb.
Hüquq müdafiəçiləri bu işin fiqurantlarını siyasi məhbus kimi tanıyıblar, beynəlxalq təşkilatlar onları azad etməyə çağırıb.