Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ekspertiza Rusiyada həmyerlilərimizin ölümü barədə: Xüsusi amansızlıqla qətlə yetiriliblər

Rusiyanın Yekaterinburq vilayətində qətlə yetirilən azərbaycanlı qardaşların meyitlərinin daxili müayinələri zamanı dərinin iç səthində çöldən küt alətin təsiri ilə geniş qan sızmalar olduğu müəyyən edilib.

Bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov meyitlərin ekspertiza rəyini açıqlayarkən deyib.

Onun sözlərinə görə, müayinə zamanı qabırğaların ikitərəfli yerdəyişmiş sınıqları da müəyyən olunub:

"Sınıqların yerdəyişməsi nəticəsində uclar vasitəsilə ağciyərlər zədələnib. Ağciyərin sınıq uclar vasitəsilə cırılması hadisəsi baş verib. Qabırğalar arasında qansızmalar mövcud olduğu da diqqətə çatdırılıb. Bununla yanaşı, diafraqmada geniş qansızmalar var idi".

Ə.Həsənov qeyd edib ki, ekspertiza əsasında qardaşların heç birinin iti alət və odlu silahla vurulmadığı, küt alətlə qətlə yetirildikləri məlum olub.

Ədalət Həsənov qətlə yetirilən 1970-ci il təvəllüdlü Ziyəddin Səfərovun aldığı xəsarətlərə görə posttravmatik şok nəticəsində öldüyünü bildirib.

O vurğulayıb ki, Z.Səfərovun meyitinin xarici müayinəsi zamanı hər iki gözün qansızmaları müəyyən olunub:

"Sağ gözündə, boyun nahiyələrdə qançırlar, döş qəfəsində assimetrik deformasiya, zolaq şəkilli sıyrıqlar, qarnın sağ səthində qançırlı sıyrıqlar, xayalığın dərisində qeyri-müəyyən formalı qançırlar müəyyən edilib".

Ə.Həsənov əlavə edib ki, daxili müayinə zamanı başın dəri örtüyündə sərt qansızmalar da müəyyən edilib:

"Həmçinin döş qəfəsində iki xətt üzrə çoxsaylı sınıqlar var idi. Bununla da hiss olunur ki, sol tərəfdən qabırğalar kobud şəkildə sındırılıb. Diafraqmalarda qansızma, parenetfral sahələrdə qansızmalar müəyyən olunub".

Birliyin direktoru vurğulayıb ki, Rusiya qardaşların ölüm səbəbini ürək çatışmazlığı kimi qələmə versə də, ekspertiza zamanı başqa travmalar aşkarlanıb:

"Belə ki, Ziyəddin Səfərovun ölümünə səbəb kimi rus həkim xəstəliyi göstərib. Amma bizim daxili müayinədə aşkar etdiyimiz faktlar tam başqa idi. Başın dəri örütüyünün iç səthində, baş beynin sərt və yumşaq qişalarına qan sızmalar, döş qəfəsinin küt travması, sıxılması, döş qəfəsində iki xətt üzrə sınıqlar var idi. Solda ön tərəfdə və sağda arxa tərəfdə bütün qabırğalar hamısı sınıqdır. Hətta biz qabırğanın birini tapa bilmədik".

Ekspert, Hüseyn Səfərovun meyitinin müayinəsi zamanı küt alətlə qətlə yetirildiyi məlum olduğunu da deyib: "Biz meyiti müayinə edərkən çoxlu sayda travma müəyyən etmişik. Burun sümüklərinin sınığı, döş qəfəsi deformasiyaya uğrayıb, gözətrafı nahiyədə 14-12 sm sahədə qançır var. Üst və alt dodağın selikli qişasında qançırlar, alnın sağ və sol nahiyələrində qançır, döş qəfəsinin arxa səthində iki ədəd qançır, əllərdə qançır, sol ayağında və xayalarda qançır müəyyən olundu. Hər iki budda çoxsaylı qançır, sol budun iç səthinin zolaq şəkilli sıyrığı, sol baldırın arxa iç səthinin sıyrığı, sol budun 17 sm ölçüdə sıyrığı müəyyənləşib".

Ə.Həsənov həmçinin meyitdə daxili müayinənin həyata keçirildiyini də bildirib:

"Biz şübhələnirdik ki, zədələnmiş yerlər kəsilib götürüləcək. Meyitin daxili müayinəsi zamanı başında küt alətlə zərbə, baş beynin sərt və yumşaq qişasında qansızmalar, döş qəfəsində 7-8 qabırğanın yer dəyişən sınıqları müəyyən edildi. Biz qaraciyərin kəsilmiş, cırılmış yerlərini tapdıq. Qabırğaarası əzələlərdə də qansızmalar müəyyən olundu. Diafraqmada da geniş qansızmalar var idi. Qarın boşluğunda peritonun partlaması nəticəsində qansızma müəyyın edildi".