Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Edillidə aşkarlanan meyit qalıqlarında zədələr və xəsarət izləri var”

Xocavəndin Edilli kəndində aşkarlanan növbəti kütləvi məzarlıqla bağlı Ermənistanın iddialarına cavab verilib.

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib ki, Ermənistan bu meyitlərin guya Azərbaycan tərəfindən sonradan qoyulduğunu və kütləvi qətliam törətmədiklərini iddia edib.

“Lakin sümüklə torpağın qarışığına nəzər salsaq görərik ki, onların sonradan qoyulmasından söhbət gedə bilməz. Sadəcə olaraq qalıqların hamısının üstü təmizlənib və eləcə saxlanılıb. Qalıqlar bu gün, ya sabah götürüləcək. Məhkəmə tibbi-ekspertizası ayrı-ayrılıqda aparılacaq. 10-15 gün məhkəmə ekspertizası, bir o qədər də genetik araşdırma çəkəcək”, - direktor vurğulayıb.

Onun sözlərinə görə, Xocavəndin Edilli kəndində qazıntı işləri aparılıb və 12 meyit qalığı aşkarlanıb. İlk baxışdan həmin qalıqların Azərbaycan hərbi qulluqçularına aid olduğu görünür.

“Kütləvi şəkildə, qeyri-insani formada dəfn edilmələri bizə onlara işgəncə və əzab verildiyini düşünməyə imkan verir. Hər bir meyitin əlləri yuxarıdadır, lakin bunun səbəbini hələ deyə bilmərik. Sümüklərində zədələr və xəsarət izləri var. Küt alət təsirindən kəllə sümüklərinin sınıqları görünür. Odlu silahlarla olan təsirlər isə burada yox, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Məhkəmə Kriminalistika şöbəsində müayinə edildikdən sonra aydın olacaq. Baş Prokurorluq tərəfindən qoyulan suallara cavab veriləcək. Onların cinsi, yaşı, boyu, torpaqda qalma müddəti təyin ediləcək. Hətta onların sağlığında keçirmiş olduğun xəstəliklər varsa, onlar aşkar ediləcək. Bunun tanınmada böyük əhəmiyyəti var. Hazırda meyitlərin dişlərinin quruluşundan aydın olur ki, onların hamısı cavan və orta yaşlı hərbi qulluqçular olub”, - Ədalət Həsənov əlavə edib.