Logo
news content
User
Kateqoriyalar

Xəbər

Araşdırma

Dünya çempionatı haqqında hər sey: ilklər, yeganələr, ən yaşlılar, ən cavanlar...  

 Yadigar Sadıqlı

Noyabrın 20-də Qətərdə futbol üzrə dünya çempionatı başlayacaq. 32 komandanın iştirak edəcəyi idman festivalı 4 həftə davam edəcək. Çempion dekabrın 18-də müəyyənləşəcək. Oxuculara maraqlı ola biləcəyini nəzərə alaraq, dünya çempionatlarının statistikasını bölüşməyi qərara aldım.

***

İlk dəfə müsəlman ölkəsində keçirilən çempionat sayca 22-cidir və Qətər ev sahibliyi edəcək 18-ci ölkədir. Beş ölkədə çempionat iki dəfə keçirilib: İtaliya (1934, 1990), Fransa (1938, 1998), Braziliya (1950, 2014), Meksika (1970, 1986) və Almaniya (1974, 2006). Dünya çempionatları tarixində yalnız bircə dəfə, 2002-ci ildə turnir eyni vaxtda iki ölkədə - Yaponiya və Koreya Respublikasında keçirilib. Uruqvay, İsveçrə, İsveç, Çili, İngiltərə, Argentina, İspaniya, ABŞ, CAR və Rusiya hərəyə bir dəfə ev sahibi rolunda çıxış ediblər.

İlk dəfə ikiqat ev sahibi Meksika olub və bu, təsadüfən alınıb. 1986-cı ilin dünya çempionatını öncə Kolumbiyada keçirmək qərara alınmışdı. Ancaq ölkə maliyyə səbəblərindən bundan imtina etdi. Yeni seçkilərdə Meksika qalib gəldi.

İyirmi çempionat ərzində ev sahibləri 6 dəfə çempion olublar. 1930-cu ildə Uruqvay, 1934-cü ildə İtaliya, 1966-cı ildə İngiltərə, 1974-cü ildə Almaniya Federativ Respublikası, 1978-ci ildə Argentina və 1998-ci ildə Fransa. Almaniya xaric, onların hər biri ilk dəfə çempion olurdu. CAR qrup mərhələsində mübarizəni dayandıran yeganə ev sahibidir. 

*** 

İndiyə qədər final turnirlərində 79 komanda iştirak edib. XXII çempionatda Qətər ilk dəfə iştirak edəcək və iştirakçı komandaların sayı 80-ə çatacaq. Braziliya bütün dünya çempionatlarında iştirak edən yeganə komandadır. Almaniya 19, İtaliya isə 18 çempionatda iştirak edib. 

İyirmi bir çempionatda 8 komanda çempion titulunu qazanıb. Braziliya buna 5 dəfə, İtaliya və Almaniya 4 dəfə, Uruqvay, Argentina və Fransa 2 dəfə, İngiltərə və İspaniya isə 1 dəfə nail olublar.

Dünya çempionları yalnız 2 dəfə növbəti çempionatda da qalib gəlməklə öz titullarını qoruyublar. Bunu 1938-ci ildə italyanlar və 1962-ci ildə braziliyalılar bacarıblar. Qalan hallarda isə çempion titulunu yeni komanda qazanıb. Daha iki halda çempion finala qədər irəliləyib, lakin həlledici oyunda məğlub olub: 1990-cı ildə Argentina və 1998-ci ildə Braziliya.

Dünya çempionu adını daşıyan komandalar altı dəfə növbəti turnirdə qrupdan çıxa bilməyərək, evə yollanıblar. Maraqlıdır ki, belə hal bütün XX əsr boyu cəmi iki dəfə olduğu halda, hələ ki, beş çempionat keçirilmiş XXI əsrdə dörd dəfə rast gəlinib: İtaliya (1950), Brzaliya (1966), Fransa (2002), İtaliya (2010), İspaniya (2014) və Almaniya (2018). 

İtaliya millisi 16 il - 1934-cü ildən 1950-ci ilə qədər dünya çempionu titulunu daşımaqla rekorda sahibdir. Amma bu rekordun siyasi səbəbləri var. Belə ki, İkinci dünya müharibəsinə görə 1942 və 1946-cı illərdə çempionat keçirilmədi. 1950-ci ildə isə İtaliya elə qrup turnirində mübarizəni dayandırdı.

İlk dəfə ikiqat dünya çempionu da İtaliya olub. İlk dəfə üçqat , dördqat və beşqat dünya çempionu adına yiyələnən isə Braziliyadır. 1970-ci ilin finalında iki ikiqat dünya çempionu (Braziliya və İtaliya) qarşılaşıb və onlardan biri ilk üçqat dünya çempionu olacaqdı. 4:1 hesabı ilə qalib gələn braziliyalılar buna nail olublar.

1994-cü ildə yenə bu iki komanda finalda üçqat dünya çempionları kimi qarşılaşıblar və ilk dördqat dünya çempionunu müəyyən ediblər. Yenə də qalib Braziliya olub, bu dəfə penaltilər seriyasından sonra. Komanda beşinci titulunu isə 2002-ci il finalında Almaniyaya 2:0 qalib gəlməklə qazanıb.

Maraqlıdır ki, Braziliya, İtaliya və Almaniya komandalarının hər biri dördüncü titullarını üçüncüdən 24 il sonra qazanıblar. 

İki çempionluq arasında ən uzunmüddətli həsrət İtaliyaya aiddir. 1938-ci ildə ikinci dəfə çempion olan italiyalılar növbəti titulu 44 il gözləməli oldular. 1930-cu ildə ilk çempionatda gümüş medal qazanan Argentina bir daha finala 48 il sonra, 1978-ci ildə çıxıb. 

Gümüş və bürünc medalları ən çox qazanan komanda Almaniyadır – hər birinə dörd dəfə yiyələnib. Ümumiyyətlə, Almaniya hamıdan çox – 12 dəfə medal qazanıb. Almaniya və Braziliya dalbadal 3 dəfə finala çıxan yeganə komandalardır – müvafiq olaraq 1982-1990 və 1994-2002-ci illərdə.

*** 

Oyunçular arasında çempion titulunu 3 dəfə qazanan yeganə şəxs Peledir. Daha 15 braziliyalı, 4 italiyalı və 1 argentinalı titulu 2 dəfə qazanıblar. 

Alman Miroslav Kloze 1 qızıl, 1 gümüş və 2 bürünc olmaqla dünya çempionatlarında 4 medal qazanan yeganə oyunçudur. 

Klozedən əlavə daha beş alman (Mayer, Bekkenbauer, Qrabovski, Höttges və Overat) medalların bütün növlərini qazanıblar - 1966-cı ildə gümüş, 1970-ci ildə bürünc və 1974-cü ildə qızıl. İtalyan Franko Barezi də eyni nailiyyətlə öyünə bilər - 1982-ci ildə qızıl, 1990-cı ildə bürünc və 1994-cü ildə gümüş.

İtaliyalı Vittorio Pozzo öz yetirmələrini iki dəfə (1934, 1938) çempion edən yeganə məşqçidir. Ötən 84 il ərzində daha heç bir məşqçi bu nailiyyəti təkrar edə bilməyib.

Yalnız üç nəfər - Mario Zaqallo, Frans Bekkenbauer və Didye Deşam həm oyunçu, həm də məşqçi kimi çempionluq qazanıblar. Zaqallo 1958 və 1962-ci illərdə oyunçu kimi, 1970-ci ildə isə məşqçi kimi çempion olub. Bekkenbauer Almaniya yığmasını 1974-cü ildə kapitan kimi, 1990-cı ildə isə məşqçi kimi zəfərə daşıyıb. Didye Deşam da 1998-ci ildə Fransanın kapitanı, 2018-ci ildə isə məşqçisi idi. Zaqallo, üstəlik, 1994-cü ildə baş məşqçinin köməkçisi kimi də çempion olmaqla 4 qızıl medala malik yeganə şəxsdir. 

Çempionatlar tarixində ən çox qol vuran Miroslav Klozedir - 16 qol. Sonrakı yerləri 15 qolla braziliyalı Ronaldo və 14 qolla başqa bir alman Herd Müller tutur. Dördüncü yerdə fransalı Jüst Fontendir - 13 qol. Üçqat dünya çempionu Pele iştirak etdiyi 4 şempionatda 12 qol vurmaqla yalnız beşinci yeri tutur. 6-7-ci yerləri isə 11 qolla macar Şandor Koçiş və alman Yurgen Klinsmann tuturlar.

Bir çempionatda ən çox qol vuran oyunçu Jüst Fontendir. O, 13 qolun hamısını bir çempionatda vurub. İkinci yer tutan Şandor Koçiş bir çempionatda 11 dəfə fərqlənib. Üçüncü yerdə isə Herd Müllerdir - 10 qol.

 Ümumiyyətlə, indiyə qədər 37 futbolçu 7 və daha artıq qol vurub. Bu futbolçular doqquzu alman, səkkizi braziliyalı olmaqla 14 ölkəni təmsil edirlər.

*** 

İlk 11 çempionatın final turnirində 16 komandanın iştirak etməsi nəzərdə tutulurdu. Lakin müəyyən səbəblərdən 1930 və 1950-ci illərdəki yalnız 13 komanda iştirak edib. 1982-ci ildən 1994-cü ilə qədər keçirilən 4 final turnirində 24 komanda iştirak edib. 1998-ci ildən etibarən isə 32 komanda iştirak edir. 2026-cı ildə bu sayın 48-ə yüksələcəyi ehtimal edilir. Üstəlik, ilk dəfə olaraq çempionat üç ölkədə: ABŞ, Kanada və Meksikada keçiriləcək. Beləliklə, Meksika dünya çempionatına üçüncü dəfə ev sahiblik edən ilk ölkə olacaq. 

Medallar uğrunda mübarizə əsasən Avropa və Cənubi Amerika komandaları arasında gedib. Yeganə istisna 1930-cu ildə ABŞ millisinin qazandığı bürünc medaldır.

Avropaya və Cənubi Amerikaya aid olmayan bir ölkənin bir daha yarımfinala çıxması yalnız 72 il sonra baş verdi. 2002-ci il çempionatının ev sahiblərindən biri olan Koreya Respublikasının xeyli dərəcədə hakimlərin köməyi ilə yarımfinala çıxdı. Lakin burada hər iki oyunu uduzaraq 4-cü yerlə kifayətləndi və medalsız qaldı.

Afrika komandaları arasında 1990-cı ildə Kamerun, 2002-ci ildə Seneqal və 2010-cu ildə Qana komandaları 1/4 finala çıxmaqla ən yüksək göstərici əldə ediblər. 

1934, 1966, 1982, 2006 və 2018-ci illərdə yarımfinala çıxan 4 komandanın hamısı Avropanı təmsil edib. Daha üç dəfə medalları yalnız avropalılar qazanıb, Cənubi Amerika təmsilçiləri (1954 və 2010-cu illərdə Uruqvay, 1974-cü ildə Braziliya) isə dördüncü yerlə kifayətləniblər.

Ümumilikdə yarımfinala avropalılar 56 dəfə, Cənubi amerikalılar isə 22 dəfə çıxıblar. Belə uğura Avropanın 19 ölkəsi, Cənubi Amerikanın isə əsasən üç ölkəsi Braziliya, Argentina, Uruqvay və bir dəfə Çili nail olmuşlar.

*** 

Turnirin həlledici oyununda iştirak hüququnu 13 ölkə qazanıb. Buna ən çox Almaniya nail olub, 8 dəfə. Dördqat dünya çempionları həm də finalda ən çox məğlubiyyət acısı yaşayan komandadır - 4 dəfə. Beşqat dünya çempionu Braziliya daha iki dəfə gümüş medalla kifayətlənib.

Almaniyadan sonra finalda ən çox (3 dəfə) uduzan Argentina və Niderlanddır. Amma əgər "albiseleste" iki dəfə qızıl medal da qazanıbsa, Niderland hələ ki, belə uğura həsrətdir. İtaliya, Çexoslovakiya və Macarıstan iki finalda məğlubiyyətə uğrayıblar. Fransa, İsveç və Xorvatiya bir dəfə gümüş medal qazanıblar. 

1930 və 1950-ci illərdə həlledici görüşdə iki Cənubi Amerika komandası qarşılaşıb. Doqquz dəfə isə hər iki finalçı Avropanı təmsil edib. Qalan 10 halda finalçılardan biri Avropa, digəri Cənubi Amerika təmsilçisi olub. "Qarışıq" finallarda hesab 7-3 Cənubi Amerika nümayəndələrinin xeyrinədir. Ümumən isə avropalılar 12, amerikalılar 9 dəfə çempion olublar.

Final qarşılaşmasında yeganə het-trik ingilis Ceffri Herstə məxsusdur. Daha üç oyunçu iki finalda olmaqla 3 qol vurublar - Vava (1958-iki, 1962-bir), Pele (1958-iki, 1970-bir) və Zidan (1998-iki, 2006-bir). İtalyanlar Cino Kolaussi və Silvio Piola (1938), alman Helmut Ran (1954), argeninalı Mario Kempes (1978) və braziliyalı Ronaldo (2002) final oyunlarında dubl ediblər. Daha bir alman Paul Braytner isə iki finalın (1974 və 1982) hərəsində bir qol olmaqla iki qol vurub.

Xorvat Mario Mancukiç də Rusiyada keçirilən XXI dünya çempionatının finalında iki qol vurdu, amma onlardan birini öz qapısına göndərdi. Bu, final oyununda indiyə qədər qeydə alınan yeganə avtoqoldur. 

Ümumiyyətlə, dünya çempionatlarında 52 avtoqol qeydə alınıb. Meksika komandası bu sahədə məşum birinciliyə malikdir – 4 avtoqol. Rəqibin avtoqollarından ən çox faydalanan isə Fransadır – 6 dəfə. Elə Mancukiç də Fransa ilə oyunda avtoqola imza atdı. 

Cəmi üç final oyununda böyük hesablı qələbə qeydə alınıb və onların hər birində Braziliyanın iştirakı var. Onlar 1958-ci ildə İsveçə 5:2, 1970-ci ildə isə İtaliyaya 4:1 hesabı ilə qalib gəlib, 1998-ci ildə isə Fransaya 0:3 hesabı ilə məğlub olublar. 

1958-ci ilin finalı həm də ən məhsuldar final sayılır. Üstəlik, bu finalda 17 il 249 gün yaşı olan Pele və 35 il 264 gün yaşı olan Nils Lidholm qol vurdular. Bu qollar indiyə qədər finalda ən gənc və ən yaşlı oyunçuların fərqlənməsidir. 

Pele göstərilən yaşda ən gənc dünya çempionu sayılır. Ən yaşlı dünya çempionu isə italiyalı Dino Dzoffdur – 1982-ci ildə final qarşılaşmasında onun yaşı 40 il 133 gün idi. 

İki dəfə çempionu müəyyən etmək üçün penaltilər seriyasına ehtiyac yaranıb, ikisində də İtaliya iştirak edib. 1994-cü ildə Braziliyaya uduzub, 2006-cı ildə Fransaya qalib gəlib.

Final oyunlarında ən tez-tez qarşılaşan iki komanda Argentina və Almaniyadır - 3 dəfə. İlk qarşıdurma (1986) argentinalıların qələbəsi ilə yekunlaşsa da, sonrakı iki matçda (1990 və 2014) almanlar qalib gəliblər.

*** 

İyirmi bir çempionatda 52 dəfə bir futbolçu oyun ərzində üç və daha artıq qol vurub. İlk het-trik barədə uzun illər vahid fikir yox idi. Yalnız 2006-cı ildə FİFA bu het-trikin müəllifinin Bert Petnoud (ABŞ) olduğunu rəsmən açıqladı. O, bu nailiyyətə 1930-cu ildə keçirilən ilk çempionatda Paraqvaya qarşı oyunda imza atıb.

52 het-triki 48 futbolçu edib. Başqa sözlə, 4 futbolçu bu uğura 2 dəfə nail olub. 1954-cü ildə macar Şandor Koçiş, 1958-ci ildə Jüst Fonten, 1970-ci ildə Herd Müller, 1994 və 1998-ci illərdə isə argentinalı Qabriel Batistuta iki dəfə het-trik ediblər. Koçiş və Fontenin het-triklərindən biri 4 qoldan ibarət olub. Batistuta isə bunu iki çempionatda edən yeganə oyunçudur. 

Macar Laslo Kişş 1982-ci ildə Salvadora qarşı oyunda 7 dəqiqə ərzində (69, 72 və 76-cı dəqiqələr) üç qol vuraraq, ən sürətli het-trik rekorduna sahibdir. Üstəlik, Kişş bunu oyuna ehtiyatdan daxil olaraq edən yeganə futbolçudur. 

Çex Tomaş Skuhravı 1990-cı il turnirində Kosta-Rikaya qarşı oyunda yalnız baş zərbələri ilə het-trik edən ilk oyunçu kimi tarixə düşdü. Onun bu göstəricisini 2002-ci ildə Miroslav Kloze Səudiyyə Ərəbistanı ilə oyunda təkrar etdi. Ümumiyyətlə, Kloze bu çempionatda 5 qolun hamısını başı ilə vurdu.

Yuxarıda sadaladığımız Koçiş və Fontendən savayı daha dörd oyunçu bir oyunda 4 qol vurublar. İlk dəfə belə nəticəyə polyak Ernest Vilimovski 1938-ci ildə Braziliya ilə oyunda nail olub. Lakin maraqlıdır ki, belə parlaq nəticə onun komandasını məğlubiyyətdən xilas etməyib - 5:6. 1950-ci ildə braziliyalı Ademir, 1966-cı ildə portuqaliyalı Eysebio və 1986-cı ildə ispan Emilio Butraqenyo da bu göstəricini təkrar ediblər. 

Bir oyunda 5 top vuran yeganə oyunçu isə rus Oleq Salenkodur. O, bu qolları 1994-cü ildə Kamerun millisinin qapısına vurub.

Ölkələr üzrə ən çox het-trikə alman futbolçular imza atıblar - 7 dəfə. Çempionatlar üzrə isə ən çox het-trik 1954-cü ildə İsveçrədə keçirilən çempionatda qeydə alınıb - 8 dəfə. 2006-cı ildə Almaniyada keçirilən turnir yeganə çempionatdır ki, heç bir het-trik qeydə alınmayıb. 

Ən gənc yaşda het-trik edən Pele olub. 1958-ci ildə yarımfinalda Fransa komandasının qapısına 3 qol vurarkən doğumundan 17 il 244 gün keçmişdi. Maraqlıdır ki, bu həm Pelenin, həm də braziliyalıların dünya çempionatlarında son het-trikidir. Ötən 64 il ərzində saysız-hesabsız ulduzlarından heç biri belə göstərici ilə öyünə bilməyib.

Ən yaşlı het-trikçi isə Kriştian Ronaldodur. O, 2018-ci il çempionatında İspaniyanın qapısına 3 qol vurarkən artıq 130 gün idi ki, 33 yaş tamam olmuşdu. 

Ən çox qol 1998 və 2014-ci il turnirlərində vurulub - 171 qol. Hər iki turnirdə 64 oyun keçirilib və orta məhsuldarlıq 2,67 qola bərabər olub. Bu baxımdan ən yüksək göstərici 1954-cü il çempionatına məxsusdur. 26 oyununda 140 qol vurulan turnirdə orta məhsuldarlıq 5,38 qola bərabər olub. Ən aşağı göstərici isə 1990-cı il çempionatında qeydə alınıb. 52 oyunda 115 qol və orta məhsuldarlıq 2,21.

Dünya çempionatlarında ilk qolu fransız Lüsyen Loran Meksika komandasının qapısına vurub. 100-cü qol ikinci dünya çempionatında alman Edmund Konen tərəfindən Belçikanın qapısına vurulub. 1000-ci qolun vurulmasına 48 il və 11 çempionat lazım olub. Yubiley qolunu 1978-ci ildə niderlandlı Rensenbrink şotlandların qapısından keçirib. Çempionat iştirakçılarının və bunun da nəticəsində oyunlarının sayının artması nəticəsində 2000-ci qolun vurulmasını daha az, 28 il gözləmək lazım gəlib. Həmin qolu isveçli Markus Albek ingilislərin qapısından keçirib. 2018-ci ildə keçirilən çempionatda isə əlcəzairli Fəxrəddin ben Yussuf 2500-cü qolu Panamanın qapısından keçirdi. 

Bir turnirdə ən çox qol vuran 1954-cü il turnirinin əfsanəvi Macarıstan komandası olub. 5 oyunda 27 və ya orta hesabla hər oyuna 5,4 qol. Təəssüf ki, macarlar finalda gözlənilmədən almanlara uduzdular. 1956-cı ildə baş verən siyasi hadisələrdən, sovet işğalından sonra isə Macarıstan fubolçularının əsas ulduzları mühacirət etdi və bundan sonra macar futbolu bir daha əvvəlki səviyyəsinə qayıtmadı.

Bir oyunda ən çox qol vurulması da 1954-cü il çempionatına aiddir. 1/4 finalda Avstriya ev sahibi İsveçrəyə 7:5 hesabı ilə qalib gəldi.

*** 

Ən böyük qələbələr 9 top fərqi ilə qazanılıb və buna iki dəfə Macarıstan futbolçuları nail olublar. Onlar 1954-cü ildə Koreya Respublikasını 9:0, 1982-ci ildə Salvadoru 10:1 hesabı ilə məğlub ediblər. Bundan əlavə, 1974-cü ildə Yuqoslaviya Zair komandasını 9:0 hesabı ilə darmadağın edib. 

Ən tez vurulan qolun müəllifi türk Hakan Şükürdür. O, 2002-ci ildə üçüncü yer uğrunda matçda Koreya Respublikasını 10,8-ci saniyədə məyus etdi.

***

Üç futbolçu 5 çempionatda iştirak edib. Meksikalılar Antonio Karbaxal (1950-1966) və Rafael Markes (2002-1018), alman yarımmüdafiəçi Lotar Matteus (1982-1998).  Markes beş çempionatda kapitan kimi çıxış edən yeganə şəxsdir. Matteus dünya çempionatlarında ən çox (25) matçda iştirak edib. Meydanda ən çox vaxt keçirən isə Paolo Maldinidir – 2217 dəqiqə. 

İtaliyalı Canluici Buffon da beş çempionata (1998-2014) yola düşüb, amma 1998-ci il çempionatında heç bir oyunda iştirak etmədiyindən adı adətən rekordçular siyahısında göstərilmir. Bu il Lionel Messi və Kriştian Ronaldonun, eləcə də daha bir meksikalı Andres Quardadonun beşinci çempionatlarında iştirak edəcəkləri gözlənilir. 

Uruqvaylı müdafiəçi Xose Batista 1986-cı il çempionatında Şotlandiyaya qarşı oyunun 56-cı saniyəsində qırmızı kart almaqla ən tez meydandan qovulan oyunçu kimi şübhəli birinciliyə sahibdir. Belə sərt tədbirə 1-ci dəqiqədə əl atan hakim isə fransalı Joel Kinyu idi.

Ən gənc qol müəllifi Peledir. 1958-ci ildə 1/4 finalda Uelslə oyunda fərqlənərkən onun doğumundan 17 il 7 ay 27 gün keçmişdi. Ən yaşlı qol müəllifi isə kamerunlu Roje Milladır. 1994-cü ildə rusların 6 qoluna yeganə cavabı verərkən onun doğumundan 42 il 1 ay 8 gün keçmişdi.

Şimali İrlandiya futbolçusu Norman Uaytsayd doğumundan 17 il 41 gün sonra meydana çıxmaqla dünya çempionatında oynayan ən gənc oyunçu ünvanına sahibdir. Hadisə 1982-ci ildə baş verib. Ən "qoca" yaşda oyuna çıxan Misir komandasının qapıçısı Essam Hadaridir – 45 yaş 161 gün. 

Dünya çempionatlarının pley-off mərhələsində qalibi müəyyən etmək üçün penaltilər seriyası ilk dəfə 1978-ci il çempionatında tətbiq olundu, amma ehtiyac yaranmadı. İlk dəfə həmin vasitəyə 1982-ci çempionatında müraciət edildi. Fransa və Almaniya komandaları arasındakı əfsanəvi yarımfinal matçı 3:3 bitdi, penaltilərdə isə almanlar qalib gəldi. Ötən 40 il ərzində ikisi final olmaqla ümumən 30 qarşılaşmanın qalibi penaltilər seriyası ilə müəyyənləşib. 

Penaltilər seriyasında ən çox iştirak edən Argentinadır – 5 dəfə. Bunlardan dördünü udub, birini isə uduzub. Almaniya iştirak etdiyi dörd penaltilər seriyasının dördündə də qalib gəlib. Bu mərhələdə ən çox, 3 dəfə məyus olanlar isə İtaliya. Niderland və İspaniya komandalarıdır. İtaliya 2006-cı ilin finalında qalib gələnə qədər iştirakçısı olduğu üç penalti seriyasının üçünü də uduzmuşdu.  

2006-cı ildə Ukrayna-İsveçrə qarşılaşmasının penaltilər seriyasında qol buraxmayan Aleksandr Şovkovski bunu bacaran yeganə qapıçıdır.