Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dövlət məmurları yüz milyonlarla manatın mənimsənilmısinə görə şərti cəza alıblar

Dekabrın sonlarında Naxçıvan Ağır Cinayətlər Məhkəməsində Naxçıvan Muxtar Respublikasının (NMR) keçmiş maliyyə naziri Rafael Əliyevə və Naxçıvan Gömrük Komitəsinin keçmiş şöbə rəisi Mənsur Əsgərova qarşı cinayət işi üzrə proses başa çatıb. Hər iki şəxs başqa şəxslərlə əlbir olaraq dövlət büdcəsinin vəsaitlərini mənimsəməkdə ittiham olunurdular.

Əsgərov öz ifadəsində bildirib ki, yüklər üçün və sərnişinlərdən qanunsuz vergilər yığılıb. 2020-ci ildə Naxçıvan Gömrük Komitəsinin sədri təyin edilmiş Səhhət Həbibbəyli Əsgərova nəqliyyat daşımaları proqramına (TIR) yığılan vəsaitin yalnız bir hissəsini daxil etməyi tapşırıb.

Tariflər və ödənişlər şöbəsinin rəisi olan Əsgərov 3 min manat ölçüsündə "paket" şəklində qeyri-rəsmi ödəniş alırdı. Əsgərovun sözlərinə görə, o, pulu şəxsən komitə sədrinə onun kabinetində verirdi. İstintaq Əsgərovu 273 mln. manatı mənimsəməkdə təqsirli bilib.

Təqsirləndirilən Rafael Əliyev bildirib ki, 2020-ci ildə maliyyə naziri təyin edilənə qədər Əsgərovla eyni vəzifəni tuturdu və qanunsuz yığılan vergiləri NMR Gömrük Komitəsinin sədrinin adamlarına verirdi.

Sonradan, Naxçıvanın maliyyə naziri olduqdan sonra Əliyev büdcə vəsaitlərini 10% şişirdilmiş qiymətlərlə satınalmalar üçün müxtəlif dövlət qurumlarına köçürürdü. Daha sonra bu vəsait nağdlaşdırılır və mənimsənilirdi.

Əliyev etiraf edib ki, nazir kimi vəzifə maaşı 2300 manat, "paketi" isə 15 min manat təşkil edirdi.

Əliyev 3 milyon manatı şəxsən NMR-in keçmiş başçısı Vasif Talıbovun oğlu Seymur Talıbova verdiyi haqqında ifadə verib.

İstintaqın və məhkəmənin gedişatı zamanı Əsgərov büdcəyə 21 mln. manat, Əliyev isə 31 mln. manat ödəyib.

Hər ikisi 179.4-cü maddə ilə (mənimsəmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) təqsirli biliniblər, bu maddə 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Məhkəmə onların hər birinə 12 il azadlıqdan məhrumetmə cəzası verib və dərhal real cəzanı şərti cəza ilə əvəz edib. Hökm çıxarıldığı an hər ikisi azadlıqda idi.

Xatırladaq ki, 2022-ci ilin noyabr-dekabr aylarında Naxçıvanda bir sıra yüksək vəzifəli şəxslər böyük ölçüdə vəsaiti mənimsəmək və vəzifədən sui-istifadə ittihamları ilə həbs olunub.

Əliyev və Əsgərovla yanaşı, Dövlət Gömrük Komitəsinin sədri Səhhət Həbibbəyli, Arxitektura Komitəsinin keçmiş rəhbəri Hicran Rüstəmov və başqaları həbs olunub.

2023-cü ilin mart ayında həbs edilən şəxslər ev dustaqlığına keçirilib, Həbibbəyli isə əvvəlcədən ev həbsində idi.

Əliyev 15 mln. manat, Rüstəmov 212 mln. manat, Həbibbəyli və Əsgərov 132 mln. manat vəsaiti mənimsəməkdə ittiham olunurdu.

Maraqlıdır ki, Azərbaycanda bundan çox-çox kiçik məbləğlərdə qaçaqmalçılıq ittihamı ilə həbs edilmiş müxalifət və media nümayəndələri, dəlillərin olmamasına baxmayaraq, həbs ediliblər və aylardır İstintaq Təcridxanasında saxlanılırlar.