Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dövlət Departamentindən tənqid - Azərbaycanda ciddi problemlər var

ABŞ Dövlət Departamenti insan hüquqları hesabatı yayıb.  2021-ci ili əhatə edən hesabatın Azərbaycana aid bölümündə qeyd olunur ki, ölkədə söz, ifadə, media, internet, sərbəst toplaşmaq azadlığı, siyasi, dini azadlıqlar sarıdan ciddi problemlər var.

Sənəddə siyasi motivli həbslərə, məhkəmələrin fəaliyyətində qüsurlara diqqət çəkilir, həmçinin qeyd edilir ki, cəza yerlərində saxlananlar sıxlıq, tibbi xidmət yetərsizliyi, istilik və ventilyasiya sisteminin yaxşı qurulmaması kimi problemlər yaşayır.

Hesabatda əlilliyi olan şəxslərin hüquqları, işçi hüquqları kimi məsələlərə də toxunulur.

O da bildirilir ki, Azərbaycanda cəzasızlıq problem olaraq qalır, hökumət insan hüquqlarını pozan, korrupsiyaya yol verən vəzifəli şəxslərin çoxunu cəzalandırmayıb.

Hesabata əsasən, ölkə korrupsiyadan əziyyət çəkir, hökumətdə şəffaflıq yoxdur.

AXCP sədri Əli Kərimli özünün “Facebook” səhifəsində yazır ki, Dövlət Departamentinin hesabatında qanunsuz qətllər və həbslər, işgəncə, güc strukturlarının qəddar rəftarı, mühacir fəallara qarşı repressiyalar, məhkəmələrin və parlamentin icra hakimiyyətindən asılılığı, jurnalistlərin həbs və zorakılığa məruz qalması, internet azadlığına məhdudiyyət, müstəqil saytların bloklanması, toplaşma və birləşmə azadlığının de-fakto qadağan edilməsi, hökumətin korrupsiyaya uğraması detallı təsvir olunur.