Logo
news content
User
Kateqoriyalar

Xəbər

Deputatlığa namizəd seçki məntəqəsində fiziki zorakılığa məruz qaldığını deyir

70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd, ictimai fəal Vəfa Nağı Qaçaqkənd kəndindəki 40 saylı seçki məntəqəsində fiziki zorakılığa məruz qaldığını bildirib.

Onun sözlərinə görə, o, seçki məntəqəsinə evdə daşınan qutulardan istifadə edərək səs vermək istəyənlərin çox olması barədə məlumatla əlaqədar gəlib.

Namizəd bunu yoluna qoymaq istədiyini və müşahidəçisi ilə əlaqə saxlayan zaman digər namizədin nümayəndəsi Tənzili Rüstəmxanlının hücumuna məruz qaldığını bildirib.

Qızın dediyinə görə, Rüstəmxanlının nümayəndəsi onun üzünə zərbə vurub.

Onun müşahidəçisi və məntəqədə olan jurnalist də fiziki təzyiqlərə məruz qalıb və onların üçü də zorla məntəqədən çıxarılıb.

Nağı polisə şikayət edib.

Rüstəmxanlının nümayəndəsi Hüseyn Qurbanov Nağının seçki məntəqəsinə daxil olaraq “səs-küy saldığını”, “məntəqə komissiyasının sədrinin başına kitab vurduğunu”, “səsvermə bülleteni alan insanlara mane olmağa” başladığını bildirib.

Qurbanovun dediyinə görə, o, Nağını «qayda-qanuna əməl etməyə» çağırıb,  cavabında o, “telefonla burnuna” vurmağa başlayıb, Qurbanov “özünü müdafiə etmək üçün” onu itələyib.

Qurbanov hadisə ilə bağlı ifadə vermək üçün polisə getdiyini bildirib.