Cənubi Koreya hərbi vəziyyət ləğv edildi, prezident parlament qarşısında geri çəkildi
04 Dekabr 2024
Cənubi Koreya parlamentinin üzvləri dekabrın 3-də ölkə prezidenti Yun Sok-Yöl tərəfindən tətbiq edilən hərbi vəziyyətin ləğvinə səs veriblər.
Bu barədə “Reuters“ məlumat yayıb.
300 deputatdan 190-ı Seulda daha öncə təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınan parlament binasına daxil ola bilib və səsvermə keçirib.
Səsvermədən sonra Cənubi Koreya parlamentinin sədri Vu Von Sik ölkə prezidentini hərbi vəziyyəti ləğv etməyə çağırıb.
Cənubi Koreya müxalifətinin lideri Li Çje-Mön isə hərbçiləri və polisi ölkə rəhbəri Yun Sok Yölün əmrlərinə tabe olmamağa çağırıb.
“Prezidentin ölkədə hərbi vəziyyətin tətbiqi ilə bağlı verdiyi qanunsuz sərəncamlar Konstitusiyanın və qanunun açıq şəkildə pozulmasıdır. Prezidentin bu cür qanunsuz göstərişlərini yerinə yetirməyin özü qanunsuz əməldir,” - Li Çje-Mön qeyd edib.
O, həmçinin hərbi qulluqçuları və polis əməkdaşlarını qanuni vəzifələrini yerinə yetirməyə çağırıb.
Bundan sonra Cənubi Koreyada hərbi vəziyyəti təmin edən qoşunlar ölkə parlamentinin binasını tərk ediblər.
Nəhayət, Cənubi Koreya Prezidenti Yun Sok Yol xalqa müraciətində parlamentin hərbi vəziyyətin ləğvi ilə bağlı qərar qəbul etdiyini bildirib.
Dövlət başçısının sözlərinə görə, yaxın vaxtlarda Nazirlər Kabinetinin iclası çağırılacaq. O əlavə edib ki, hərbi vəziyyətin tətbiqi üçün göndərilən qoşunlar geri çəkilib.
Qeyd edək ki, Cənubi Koreya prezidenti Yun Sok-Yöl 1980-ci ildən bəri ilk dəfə olaraq ölkədə hərbi vəziyyət tətbiq etdi ki, bu da onun sözlərinə görə, “iyrənc Şimali Koreyaya meyilli anti-dövlət qüvvələrinin kökünü kəsmək” məqsədi daşıyır.
Qeyd edək ki, Cənubi Koreya prezidenti Yun Sok-Yöl "anti-dövlət qüvvələrinin kökünü kəsmək" məqsədilə ölkədə hərbi vəziyyət tətbiq etdiyini bildirib.