Cenevrədə ABŞ-Ukrayna danışıqları başlayıb - Tərəflər ilk görüşdən razıdır
24 Noyabr 2025
Cenevrədə Amerika administrasiyasının Kiyevə verdiyi sülh planı üzrə ABŞ-Ukrayna danışıqlarının əsas mərhələsi başlayıb. Müzakirələrdə irəliləyişin əldə edildiyi bildirilir.
Bu barədə "Sky News" və “Reuters” xəbər verir.
"Reuters" agentliyinin ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, ilkin danışıqlar məhsuldar və hətta inandırıcı olub. Rəsmi həmçinin bildirib ki, müzakirələr bəzi sahələrdə razılaşmalarla başa çatıb.
Cenevrə danışıqlarında Kiyevin işçi qrupuna rəhbərlik edən Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak ABŞ tərəfi ilə danışıqlarda əhəmiyyətli irəliləyişlərin olduğunu bildirib.
Yermakın sözlərinə görə, Amerika nümayəndə heyəti ilə danışıqların ilk sessiyası başa çatıb. "Hörmətli Amerika nümayəndə heyəti ilə ilk görüşümüz çox məhsuldar oldu. Çox yaxşı irəliləyiş əldə etdik, ədalətli və davamlı sülhə doğru irəliləyirik", - o qeyd edib.
Yermak sülhə sadiq olduqları üçün ABŞ-yə, xüsusən Prezident Donald Trampa və onun komandasına təşəkkür edib. O əlavə edib ki, bu gün axşam ikinci görüş keçiriləcək və Ukrayna tərəfi Avropa tərəfdaşlarının iştirakı ilə birgə təkliflər üzərində işləməyə davam edəcək. Son qərarlar iki ölkənin Prezidentləri tərəfindən veriləcək.
ABŞ dövlət katibi Marko Rubio Cenevrədə Ukrayna ilə danışıqlardan sonra Birləşmiş Ştatların sülh planında dəyişikliklər etdiyini açıqlayıb.
Danışıqlardan sonra Rubio mətbuata açıqlamasında bugünkü görüşlərin onun üçün ən məhsuldar və ən səmərəli olduğunu bildirib.
O, Vaşinqton komandasının sülh planında bəzi dəyişikliklər etdiyini aydınlaşdıraraq, hələ çox iş görülməli olduğunu əlavə edib. Həmçinin əlavə məlumatların daha sonra təqdim edilə biləcəyini açıqlayıb.
Dövlət katibi bildirib ki, bütün maraqlı tərəflərin fikirlərinə əsaslanan, yaxşı məhsul var və bu məqamların bəziləri maddə-maddə həll edə biliblər: "Düşünürəm ki, yaxşı irəliləyiş əldə etmişik".
Rubio ABŞ və Ukrayna komandalarının artıq öz otaqlarına çəkildiyini, Amerika komandasının qarşısınıza qoyulmuş bəzi təkliflər üzərində işlədiyini açıqlayıb.
"Biz onlar üzərində işləyirik, fikir ayrılıqlarını daha da azaltmaq və həm Ukrayna, həm də təbii ki, ABŞ üçün məqbul olacaq bir şeyə doğru irəliləmək ümidi ilə bəzi düzəlişlər edirik", - Rubio deyib.