Logo
news content
User
Kateqoriyalar

Xəbər

Çempionlar Liqası: "Real Madird" və "Vilyarreal" növbəti mərhələdə

UEFA Çempionlar Liqasında yarımfinal vəsiqəsinin ilk sahibləri bəlli olub. Hər iki oyunda İspaniya klubları mərhələ adlayıblar.

"Real Madrid" evdə turnirin son qalibi olan İngiltərənin "Çelsi" klubuna 2:3 hesabı ilə uduzsa da, ilk matçdakı qələbə (3:1) sayəsində adını növbəti mərhələyə yazdırıb.

Oyuna istədiyi kimi başlaya bilməyən "kral klubu" 15-ci dəqiqədə Meyson Mauntun vurduğu qolla məğlub duruma düşüb. 51-ci dəqiqədə Antonio Rüdiger hesab arasındakı fərqi artırıb. 67-ci dəqiqədə Markos Alonso meydan sahiblərini 3-cü dəfə məyus etsə də, VAR-ın müdaxiləsindən sonra topun ələ dəydiyi məlum olub və qol ləğv edilib. Buna baxmayaraq, qonaqlar 75-ci dəqiqədə 3-cü topu Madrid təmsilçisininin qapısından keçirib. "Çelsi"nin heyətində Timo Verner fərqlənib. 80-ci dəqiqədə Rodriqo buraxılan toplardan birinin əvəzini çıxıb və oyunu əlavə vaxta daşıyıb. 96-cı dəqiqədə səhnəyə çıxan Kərim Benzema isə komandasını yarımfinala yüksəldən qola imza atıb. "Real Madrid" finala gedən yolda "Atletiko" Madrid (İspaniya) - "Mançester Siti" (İngiltərə) görüşünün qalibi olacaq.

İspaniyanın "Vilyarreal" klubu da növbəti mərhələyə yüksəlib. Evdəki ilk matçda Almaniya "Bavariya"sını 1:0 hesabı ilə məğlub edən La Liqa təmsilçisi cavab görüşündə də güclü rəqibinə uduzmayıb - 1:1. Oyunda ilk qolu 52-ci dəqiqədə Robert Levandovski vurub. Qonaqlar 88-ci dəqiqədə Samuel Çukvuezenin qolu ilə hesabı bərabərləşdiriblər və bu nəticə "Vilyarreal"ı 16 ildən sonra yarımfinala daşıyıb. İspaniya təmsilçisinin növbəti raunddakı rəqibi "Liverpul" (İngiltərə) - "Benfika" (Portuqaliya) cütünün qalibi olacaq.

Çempionlar Liqası, 1/4 final

Cavab oyunları

12 aprel

23:00. "Real Madrid" (İspaniya) - "Çelsi" (İngiltərə) - 2:3 (ƏLAVƏ VAXTDA - 1:0)

Qollar: Rodriqo, 80. Kərim Benzema, 96 - Meyson Maunt, 15. Antonio Rüdiger, 51. Timo Verner, 75

Baş hakim: Şimon Marçinyak (Polşa)

İlk oyun - 3:1

23:00. "Bavariya" (Almaniya) - "Vilyarreal" (İspaniya) - 1:1

Qol: Robert Levandovski, 52 - Samuel Çukvueze, 88

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

İlk oyun - 0:1

Qeyd edək ki, 1/4 finalın digər cavab oyunları aprelin 13-də keçiriləcək. İngiltərə "Liverpul"u Portuqaliya "Benfika"sını, İspaniyanın "Atletiko" (Madrid) komandası isə İngiltərənin "Mançester Siti" klubunu qəbul edəcək.