Cəmil Məmmədli barəsində hökm qüvvədə qalıb
24 İyun 2024
Sumqayıt Apellyasiya Məhkəməsi bloger Cəmil Məmmədlinin birinci instansiya məhkəməsinin qərarından şikayətini təmin etməyib.
Vəkil Fəriz Namazlı bildirib ki, məhkəmə prosesi onlayn keçirilib. Məmmədli bir daha bildirib ki, sosial şəbəkələrdəki reportajlarına görə həbs edilib və mühakimə olunub.
Məmmədli 2023-cü ilin avqustunda Azərbaycan Cinayət Məcəlləsinin 221.2.2 (bir qrup şəxs tərəfindən törədilmiş xuliqanlıq), 182.2.1 (əmlak təhdidilə tələb etmə) və 178.2-ci (bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq) maddələrilə həbs edilib.
Aprelin 17-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsi "tələb etmə" ittihamını götürüb, lakin onu "dələduzluq" və "xuliqanlıq" ittihamı ilə təqsirli bilərək 6 il 12 gün müddətinə azadlıqdan məhrum edib.
Məmmədli əvvəllər “Azadlıq” radiosunun Azərbaycan xidmətilə əməkdaşlıq edib. Son illərdə əsasən sosial şəbəkələrdə yazılar yazıb.
Ona qarşı diffamasiya ilə bağlı bir neçə iddia (o cümlədən Quba rayonunun keçmiş icra başçısı tərəfindən) qaldırılıb. Bu iddialar üzrə Məmmədli islah işlərinə məhkum edilib. Yerli hüquq müdafiəçiləri Cəmil Məmmədlini siyasi məhbus kimi tanıyıblar.