Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bu gündən iğaldan azad edilmiş ərazilərə avtobus reysləri başlayır

İşğaldan azad edilmiş ərazilərə bu gündən sərnişin avtobuslarının müntəzəm reysləri başlayır.

Reyslər Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa və Bərdə-Ağdam istiqamətlərində şəhərlərarası avtobus marşrutları ilə yerinə yetirilir.

Artıq hər bir marşrut üzrə sınaq səfərləri həyata keçirilib, istismar ediləcək avtobusların sinifləri müəyyən olunub.

Reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil edilir. Füzuli Beynəlxalq Hava Limanı-Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılacaq.

Bakı-Şuşa-Bakı biletinin bir istiqamətə olan qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı biletinin bir istiqamətdə qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli (express) biletinin bir istiqamətdəqiyməti 7 manat, Bərdə-Ağdam-Bərdə (express) biletinin bir istiqamətdə qiyməti 5 manat, Füzuli BHL-Şuşa (express) biletinin bir istiqamətə qiyməti isə 6 manat təşkil edir.

Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində sərnişin marşrut avtobuslarının hərəkəti polislər tərəfindən müşayiət ediləcək.

Sərnişinlər getdikləri gün geriyə dönəcək.

ANAMA tərəfindən sürücülərə mina təhlükəsizliyinə dair təlimlər keçirilib.

Avtobuslar konkret marşrut üzrə hərəkət edəcək. İşğaldan azad olunan ərazilərə səyahət etmək istəyənlər biletləri elektron qaydada əldə edə bilər. Bu məqsədlə "yolumuzqarabaga.az" portalı yaradılıb.

“Yolumuz Qarabağa” layihəsi, Azərbaycan Respublikasının 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad etdiyi ərazilərə səfərlərin təşkilini ehtiva edir. İlkin olaraq Ağdama və Şuşaya səfərləri nəzərdə tutan sistemdə, daha sonra digər işğaldan azad edilən bölgələrə də səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.

Sistemdə vətəndaşlar “ASAN login” sistemi vasitəsilə login olduqdan sonra, bilet alışı üçün istiqamət seçimi edir, səfər tarixini seçir və səfərdə neçə nəfərin iştirak edəcəyini qeyd edir. Bundan sonra, vətəndaşlar mövcud reyslərdən hər hansı birini seçərək, növbəti səhifəyə yönləndirilir. Növbəti səhifədə, vətəndaş imeyl ünvanını, şəxsiyyət vəsiqəsinin seriyasını, fərdi identifikasiya nömrəsini və mobil nömrəsini daxil edir. Bu zaman, şəxsin məlumatları müvafiq informasiya sistemlərindən yoxlanılır, şəxsin şəhid ailəsi olub-olmaması, eyni zamanda, COVID-19 vaksin və ya immunitet məlumatları yoxlanılır. Qeyd edək ki, sistem, şəhid ailəsinin üzvlərinə bir dəfə səfərdən ödənişsiz olaraq istifadə imkanını təmin edir. Növbəti səhifədə, vətəndaş nəqliyyat vasitəsinin məlumatları və hazırda aktiv və alınmış yerlərlə tanış olur. Aktiv yerlərdən birinin üzərinə klikləyərək, səfər edəcək şəxsləri seçir. Növbəti səhifədə, seçilmiş məlumatlarla tanış olduqdan sonra, ödəniş mərhələsinə keçid edilir.

Ödənişlər “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilir. Ödəniş uğurlu olduqdan sonra, vətəndaş portala yönlənsirilir və bilet məlumatları ilə tanış olur. Bilet məlumatları həm endirilə, həm də çap edilə bilər.

İmtiyazlı şəxslər də daxil olmaqla, bütün şəxslərə işğaldan azad olunmuş ərazilərə il ərzində yalnız bir dəfə səfər etmək hüququ verilir.