Logo
news content
User
Kateqoriyalar

Xəbər

Britaniya, Kanada, Avstraliya və Portuqaliya Fələstini müstəqil dövlət kimi tanıyıb

Böyük Britaniya, Kanada, Avstraliya və Portuqaliya Fələstini müstəqil dövlət kimi tanıyıblar.

Pressklub.az xəbər verir ki, adları çəkilən ölkələr bununla bağlı bəyanat veriblər.

“Kanada Fələstin Dövlətini tanıyır və həm Fələstin Dövləti, həm də İsrail Dövləti üçün dinc gələcək vədinin qurulmasında tərəfdaşlığımızı təklif edir”. Bu barədə Baş nazir Carneyin Kanadanın Fələstin Dövlətini tanıması ilə bağlı bəyanatında bildirilib.

Bəyanatda qeyd edilir ki, Kanada bunu iki dövlətli həll imkanını qorumaq üçün əlaqələndirilmiş beynəlxalq səylərin bir hissəsi kimi edir.

“Bu gün fələstinlilər və israillilər üçün sülh ümidini canlandırmaq və iki dövlətli həll üçün Birləşmiş Krallıq rəsmi olaraq Fələstin dövlətini tanıyır”. Bunu isə Britaniya Baş naziri Keir Starmer deyib.

Avstraliya Baş nazirin rəhbərlik etdiyi Avstraliya nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 80-ci sessiyası üçün Nyu-Yorka gedərkən Fələstini müstəqil dövlət kimi tanıdığını bəyan edib.

"Bugünkü tanınma aktı Avstraliyanın İsrail və Fələstin xalqları üçün həmişə sülh və təhlükəsizliyin davamlı olması üçün yeganə yol olan iki dövlətli həllə uzunmüddətli sadiqliyini əks etdirir", - bəyanatda bildirilir.

Nəhayət, Portuqaliyanın xarici işlər naziri Paulo Rangel Portuqaliyanın Fələstini dövlət olaraq tanıdığını açıqlayıb. Rangel ölkəsinin Fələstin Dövlətini rəsmi olaraq tanıdığını və qalıcı sülh üçün yeganə həll yolu olan iki dövlətli həlli dəstəklədiklərini bildirib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında Fransa və Belçikanın da Fələstin Dövlətini tanıması gözlənilir.