Braziliyada polislərlə cinayətkarlar arasında toqquşmalar zamanı 64 nəfər ölüb
29 Oktyabr 2025
Braziliyanın Rio-de-Janeyro şəhərində "Qırmızı komanda" cinayətkar qruplaşmasına qarşı genişmiqyaslı polis əməliyyatı başlayıb.
Bu barədə "Reuters" agentliyi hökumətə istinadən xəbər verib. "Rio-de-Janeyro hökumətinin məlumatına görə, bu, ştatın tarixində ən böyük əməliyyatdır", - xəbərdə qeyd olunur.
Məlumata görə, şəhərin Alemaon və Penya gecəqondularında keçirilən genişmiqyaslı polis əməliyyatı zamanı ölənlərin sayı 64 nəfərə çatıb. Ölənlər arasında 60 cinayətkar və polisin xüsusi əməliyyat batalyonunun iki zabiti də daxil olmaqla, dörd asayiş keşikçisi də var.
"Çəkindirmə" adlı əməliyyatda təxminən 2 500 hərbçi və mülki polis iştirak edir. Əməliyyatın məqsədi "Comando Vermelho" cinayətkar qrupunun üzvləri üçün 100 həbs orderinin icrasıdır.
Əməliyyat zamanı 81 nəfər həbs edilib, 10 tüfəng, bir tapança və doqquz motosiklet müsadirə olunub.
"Cinayətkarlar polisə müqavimət göstərib, atəş açıb və qurduqları barrikadaları yandırıblar. Bundan əlavə, onlar polisə qarşı bombalı dronlardan istifadə ediblər", - məlumatda bildirilir.