BMTİP nümayəndələri layihə təşəbbüsündən faydalanan qadınların iş yerlərinə baş çəkib
Sahibkar dərzi Şahnaz Muradova: “Hər bir qadın işləməklə ailəsinə və ölkəmizin iqtisadiyyatına töhfə verə bilər”
27 May 2024
BMT-nin İnkişaf Proqramının nümayəndələri
Mingəçevirdə olublar. Onlar “Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsünə
qoşulan və hazırda sahibkar kimi fəaliyyət göstərən qadınlarla iş yerlərində
görüşüblər.
Öncə sahibkar Sevil Bəşirovanın dərzi
sexində çalışan Şahnaz Muradovaya baş çəkiblər.
Sex məktəb geyimləri ilə bağlı sifarişlər alıb və hər iki dərzi bundan məmnundur.
Şahnaz deyib ki, bu layihə onun həyatını yaxşılığa doğru dəyişib: “Ailə
qurandan evdar qadın olmuşam. Heç bir peşəm yox idi. Layihəyə qoşulanda da tərəddüdlərim
vardı. Mingəçevir Media Mərkəzində təşkil olunan 12 günlük psixoloji, hüquqi və
iqtisadi təlimlər, ardınca 2 aylıq peşə kursu, ən
başlıcası layihə komandasının motivasiyası və məni avadanlıqla təmin etməsi
özümə güvən yaratdı. Artıq iş tapmışam, həm də təcrübəmi artırmaq üçün fürsət
qazanmışam. Düşünürəm ki, hər bir qadın işləməklə ailəsinə və ölkəmizin
iqtisadiyyatına töhfə verə bilər”.
Təşəbbüsün iştirakçısı Könül Məmmədova
şirniyyat sahəsi üzrə sahibkarlıq fəaliyyətinə başlayıb. O, şəxsi mənzilinin mətbəxini
həm də iş yerinə çevirib. Hələ ki, qonşularının və yaxın qohumlarının sifarişlərini
yerinə yetirir. Badambura, paxlava, şəkərbura və meyvəli tortlar hazırlayır. O, BMTİP-nin
nümayəndələrini həvəslə iş prosesi ilə tanış edib və bu gün bişirdiyi tortun
dadına baxmağa dəvət edib. K.Məmmədova deyib ki, pedaqoji təhsil alsa da, ailə
həyatı qurandan işləməyib və uzun illərdən sonra yalnız indi özünü reallaşdıra
bilib: “Evimizin yanında orta məktəb və universitet var. Ümid edirəm ki,
şirniyyatlarım tələbə və müəllimlərin də xoşuna gələcək və onlar mənim daimi
müştərilərimə çevriləcəklər. Gücümə və bacarığıma əminəm. Layihə heyəti sağ
olsun, Biznes Planımı dəstəklədi, mənə xəmiryoğuran, elektrik soba və vitrin
soyuducu verdi”.
İlahə Qurbanovanın evində də ailənin məmnunluğu
müşahidə edilib. İ.Qurbanova işsiz olub,
apteklərdən birində işə düzəlmək istəyib, amma kompüter bacarığı olmadığı üçün
ona təklif edilən iş yerini qazana bilməyib. 11 saylı məktəbdə keçirilən
valideyn toplantısında “Mingəçevirdə Valideyn Təlatümü” layihə təşəbbüsü barədə
məlumat alıb və onlayn qaydada qeydiyyatdan keçərək, təşəbbüsə qoşulub:
“Çoxları inanmırdı. Nə gizlədim, mənə də təsir edirdilər. Amma layihə komandası
təmkinlə suallarımı cavablandırır və məni həvəsləndirdi.. Aptekdə işə düzələ
bilməsəm də, indi çox xoşbəxtəm. Çünki layihə proqramı üzrə mənə dəstək kimi
verilən komputer və printerdən istifadə edərək pul qazanmaq imkanım yaranıb. Hələlik
mətnləri yazıb, çap edirəm. Təcrübəm artdıqca başqa sifarişlərim də olacağına
inanıram. Böyük oğlum kompüter mühəndisliyinə maraq göstərir və evimizdə
kompüter və printerin olması ən böyük şansımızdır”.
BMTİP-nın nümayəndələri səfər proqramı çərçivəsində
Mingəçevirdəki 11 saylı məktəbin İctimai Şurasının üzvləri ilə də görüşüblər.
Şura sədri Zaur Feyziyev bildirib ki, şura məktəbin idarə olunmasında valideynlərin
daha aktiv iştirakına çalışır, məktəblə icma arasında səmərəli və qarşılıqlı ünsiyyət
və fəaliyyətin təşkilinə kömək edir: “Məqsədimiz budur ki, uşaqların daha yaxşı
öyrənməsi, qiymətlərinin yüksək olması üçün müəllimlər tez-tez ailələrə ziyarət
etsinlər, atalar da övladlarının təhsili ilə
maraqlansınlar. Həm də repetitorluq fəaliyyətinin mümkün çərçivədə
azaldılmasına, təhsilin evdən məktəbə qaytarılmasına nail olmaq fikrindəyik”.
Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyinin Mingəçevir Resurs Mərkəzi MMC ilə birgə icra etdiyi təşəbbüs Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində reallaşdırılır.