BMT İranı həbsdəki azərbaycanlı Nobel laureatını xilas etməyə çağırır
06 May 2026
BMT-nin baş katibi Antonio Quterreş İranda həbsdə olan Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədinin səhhətinin ağırlaşması ilə bağlı xəbərlərdən narahatlığını bildirib.
Quterreşin sözçüsü Stefan Düjarrik mayın 4-də jurnalistlərə açıqlamasında baş katibin N.Məhəmmədinin səhhətindən "dərin narahatlıq" keçirdiyini bildirib. O, İran hakimiyyətini fəala mövcud sağlamlıq vəziyyətinin tələb etdiyi təcili tibbi yardımı göstərməyə çağırıb.
ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts da mayın 5-də X sosial şəbəkəsində bu barədə paylaşım edib. O, Məhəmmədinin həbsdə olduğu müddətdə "rejimin qadınlara və siyasi rəqiblərə qarşı zorakılığı barədə həqiqəti danışdığına görə" pis rəftara məruz qaldığını vurğulayıb və Tehranı ona təcili tibbi yardım göstərməyə çağırıb.
Nərgiz Məhəmmədi Fondu mayın 1-də bildirib ki, insan haqları fəalının səhhəti kəskin pisləşdiyindən təcili olaraq Zəncan şəhərindəki xəstəxanaya köçürülüb. Fondun məlumatına görə, o, iki dəfə huşunu itirib, ağır ürəktutması keçirib və vəziyyəti son dərəcə kritikdir.
Qardaşı Həmidrza Məhəmmədi mayın 2-də AzadlıqRadiosunun fars xidmətinə açıqlamasında deyib ki, ailə üzvləri onu xəstəxananın reanimasiya şöbəsində görüblər. Onun sözlərinə görə, Məhəmmədinin vəziyyəti ağır olaraq qalır və o, süni tənəffüs aparatı vasitəsilə nəfəs alır.