Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Bloomberg": Rusiya işğal altındakı ərazilərin heç birini Ukraynaya qaytarmağı planlaşdırmır

Rusiya hakimiyyəti artıq istənilən razılaşma çərçivəsində işğal olunmuş ərazilərin heç bir hissəsini Ukraynaya qaytarmağı planlaşdırmır.

"Bloomberg" Rusiya rəhbərliyinə yaxın üç mənbəyə istinadla yazır ki, Kreml indi yalnız həmin ərazilərin "bufer zona"lara çevrilməsinə razıdır.

Məqalədə deyilir ki, Kreml işğal olunmuş bölgələrin taleyi ilə bağlı mövqeyini ona görə dəyişib ki, Moskvanın fikrincə, Rusiya ilə ABŞ arasında Alyaskada əldə olunmuş qeyri-rəsmi razılaşmalar pozulub.

Agentliyin iki həmsöhbətinin dediyinə görə, Rusiya Müdafiə Nazirliyi Vladimir Putini əmin edib ki, bu ilin sonunadək Rusiya ordusu Donetsk vilayəti üzərində tam nəzarəti təmin edə biləcək. Buna görə də Kreml yalnız bundan sonra sülh danışıqlarına qayıtmağa razı olacaq.

"Bloomberg"in Rusiya hərbi qurumlarına yaxın digər mənbəsi isə bildirib ki, Rusiya Silahlı Qüvvələrində çoxları bu müddəti real saymır. Onların fikrincə, Donetsk yalnız 2027-ci ildə tam ələ keçirilə bilər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Bloomberg"in məqaləsini "daha çox spekulyasiya" adlandırıb, onu ciddi qəbul etməməyə çağırıb. O əlavə edib ki, Putin hələ iki il əvvəl Kiyevə hərbi əməliyyatların dayandırılması üçün öz şərtlərini açıqlayıb.

"Dünyada hamı, o cümlədən Kiyev bu parametrləri yaxşı bilir. Dəfələrlə demişik, Kiyevin məsuliyyətli qərar qəbul etməsi kifayətdir. Bu halda hərbi əməliyyatlar çox tez dayandırıla, ciddi, mürəkkəb danışıqlara keçilə bilər", – Peskov bildirib.

Putin 2025-ci ilin avqustunda Ankoricdə ABŞ prezidenti Donald Trampla görüşündən sonra Ukraynadan qoşunlarını Donetsk və Luqansk vilayətlərindən çıxarmağı və NATO-ya üzvlük planlarından imtina olunmasını tələb etməyə başlayıb. Bunun qarşılığında isə Moskva Zaporojye və Xerson vilayətlərində cəbhə xəttinin dondurulmasına, Sumı vilayətinin şimalında və Xarkov vilayətinin şimal-şərqində işğal olunmuş ərazilərin Kiyevə qaytarılmasına hazır olduğunu bəyan edib.