Logo
news content
User
Kateqoriyalar

Xəbər

Blinken Əliyevə: "Sülh müqaviləsinin imzalanması üçün tarixi imkan yaranıb"

Noyabrın 16-da ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

ABŞ dövlət katibi bu il noyabrın 7-də Vaşinqtonda Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin sülh müqaviləsi üzrə növbəti danışıqlarının keçirildiyini və ABŞ-ın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə vermək əzmində olduğunu bir daha vurğulayıb.

Prezident İlham Əliyev dövlət katibi Antoni Blinkenin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini daim diqqətdə saxlamasının və ABŞ-ın bu istiqamətdə göstərdiyi səylərin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Bununla belə, dövlətimizin başçısı qeyd edib ki, bu istiqamətdə göstərilən səylərə və aparılan danışıqlara baxmayaraq, Ermənistan rəhbərliyi tərəfindən son günlərdə səsləndirilən ziddiyyətli bəyanatlar iki ölkə arasında münasibətlərin normallaşmasına və sülh gündəliyinin irəli aparılmasına mənfi təsir göstərir.

Antoni Blinken Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün tarixi imkanın olduğunu qeyd edərək ABŞ-ın bu istiqamətdə səylərini davam etdirəcəyini bildirib.

Telefon danışığı əsnasında Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə növbəti görüşün keçirilməsi və etimad quruculuğu tədbirlərinə dair fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Blinken bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanla danışıb. Dövlət katibi "noyabrın 7-də keçirilən danışıqlardan sonra həm Ermənistan, həm də Azərbaycanın ikitərəfli sülh müzakirələrini dəstəkləmək səylərini alqışlayıb.

Blinken “hər iki tərəfin danışıqlarda sürəti saxlamasının və təxribatlarlardan qaçılmasının  vacibliyini vurğulayıb”.

Katib həmçinin sülh prosesini dəstəkləmək üçün konkret nəticələr üzrə davamlı irəliləyişə çağırıb.

Antoni Blinken Azərbaycanla Ermənistan arasında sülh danışıqları ilə bağlı öz “Twitter” hesabınd Nikol Paşinyana çağırış da edib.

“Mən baş nazir Paşinyanı noyabrın 7-də Vaşinqtonda xarici işlər nazirlərinin danışıqlarından sonra Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının impulsunu saxlamağa çağırdım. Birləşmiş Ştatlar bu istiqamətdə səylərini davam etdirir”, - deyə paylaşımda qeyd edib.