“Bizim ayətullahlarla öz hesabımız var”
08 Noyabr 2022
Bazar günü səhər saatlarında terrorçular İranın Xuzistan əyalətinin Məhşəhr şəhərində hərbi bazalardan birinə hücum edib. Bu barədə İRNA xəbər verir.
SEPAH-ın Xuzistan əyalət bölməsindən verilən açıqlamada qeyd olunur ki, hücumdan sonra bazanı qorumaq üçün cavab atəşi açılıb və motosiklet sürən iki terrorçu vurulub. Tibbi yardım göstərilməsinə baxmayaraq onlardan biri ölüb. Hücumda iştirak edən ikinci terrorçunun tutulması üçün əməliyyat davam edir.
Bundan iki gün əvvəl İranın Sistan və Bəlucistan əyalətinin Zahedan şəhərində məscidin imamı öldürülüb. Bu barədə Sistan və Bəlucistan əyalətinin Polis Baş İdarəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, imam Sejad Şəhraki “Mövlai Müttəqiyan” məscidi qarşısında silahlı şəxslər tərəfindən güllələnib. Əməliyyat-istintaq qrupu yaradılıb, cinayəti törətmiş şəxslərin müəyyən edilərək tutulması istiqamətində iş aparılır.
Adamda belə bir hiss yaranır ki, son vaxtlar kimsə İranda daxili gərginliyi artırmaq üçün fəal addımlar atır. Bu isə öz növbəsində molla rejiminin qonşu dövlətlərə qarşı aqressiyasının artmasına gətirib çıxara bilər.
Əvvəlcə Şirazda adi vətəndaşların öldürülməsi ilə müşayiət olunun kütləvi terror aktı baş verdi. Oktyabrın 26-da üç terrorçu bu şəhərdəki Şah Çeraq məqbərəsinə hücum edib. Nəticədə 15 nəfər ölüb. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. Daha sonra məscidin imamını güllələnib. İndi də hərbi bazaya terror hücumu. Və bütün bunlar böyük və çoxmillətli ölkənin müxtəlif yerlərində davam edən küçə yürüşləri və etiraz aksiyaları fonunda baş verir.
Bütün bunların hamısı eyni zəncirin halqası ola bilərmi? Bu, İran rəhbərliyinə hücum etmək və onu məhv etmək üçün molla rejimini tələsik və düşünülməmiş addımlar atmağa təhrik etmək cəhdi deyilmi? Bunların arxasında hansı qüvvələr dayana bilər? Və hadisələrin bu cür inkişaf edəcəyi təqdirdə İran silahlı qüvvələrinin qonşu dövlətlərə, xüsusən də Azərbaycana qarşı hərbi əməliyyatlara başlaması ehtimalı nə dərəcədədir?
Yaxın Şərq Araşdırmaları Mərkəzinin (Kiyev) icraçı direktoru İqor Semivolos məsələ ilə bağlı fikirlərini Press Klubla bölüşüb:
- Mən burada koordinasiya edilmiş fəaliyyət görmürəm. Daha doğrusu, zorakı hərəkətlər zənciri böyük ehtimalla hakimiyyətin özü tərəfindən təhrik edilib. Yalnız İŞİD-in məsuliyyətini öz üzərinə götürdüyü terror aktı bu siyahıya daxil olmaya bilər. Və o da nəzərə alınmalıdır ki, terror təşkilatları fəaliyyətdə olduqlarını göstərmək üçün tez-tez bu şəkildə müxtəlif hadisələrin məsuliyyətini həvəslə üzərilərinə götürürlər. Amma hətta bu halda belə, iştirak bəyanatı avtomatik olaraq real iştirak demək deyil.
Digər bir məqam isə İranın qonşularına qarşı güc tətbiq edə bilməsi ehtimalıdır. Burada başqa hallar, arqumentlər də rol oynayır və onlar birbaşa ölkənin daxili siyasi vəziyyəti ilə bağlıdır. Ölkədə molla rejiminin mövcudluğu tarixi boyunca ən böyük etiraz aksiyaları başlayıb, rejim onları ənənəvi üsullarla yatıra bilmir. Bu da İran liderlərinin şüurunda konspirasiya nəzəriyyəsinin aydın mənzərəsini yaradır və onların fikrincə, burada Tehrana dost olmayan qonşu dövlətlər mühüm rol oynayır. Burada ilk növbədə hədəf təbii ki, Səudiyyə Ərəbistanı və İsraildir. Lakin Azərbaycan da belə bir ölkə hesab olunur. Burada İran rəhbərliyi üçün ənənəvi olan maniyanın və ya ayıq hesablamanın daha üstün olduğunu söyləmək çətindir.
Əgər hesablamadan danışsaq, indi mollaların əsas strategiyası etirazların enerjisini “ədalətli müharibə” şüarları altında xarici ekspansiyaya yönəltməkdir. Bənzər bir şeyi hazırda Moskva da Ukrayna cəbhəsində həyata keçirməyə çalışır. Yeri gəlmişkən, Moskva və Tehran rejimlərinin nekrofilliyində oxşarlığı adi gözlə görmək olar.
Yekun olaraq qeyd edim ki, İran tərəfindən hərbi əməliyyatların başlanması təhlükəsi mövcuddur və bu, ciddi qəbul edilməlidir. Molla rejiminin getdikcə daha da dərinləşən böhrandan çıxmaq cəhdlərinin nə ilə nəticələnəcəyini təxmin etmək çətindir. Lakin onlar hakimiyyətdən o qədər də asanlıqla əl çəkməyəcəklər, bu da o deməkdir ki, regionda bir neçə dramatik an yaşanacaq. Buna hazır olmaq və yadda saxlamaq lazımdır ki, biz ukraynalılar İranın təcavüzünün qurbanı olan istənilən dövlətə çox böyük məmnuniyyətlə köməklik edəcəyik. Bizim ayətullahlarla öz hesabımız var.
Rauf Orucov