Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bir qalmaqalın izi ilə: Medvedevin "VK" hesabındakı postu kim yazıb?

Rusiyanın keçmiş prezidenti Dmitri Medvedevin VKontakte (VK) sosial şəbəkəsindəki hesabında Gürcüstanı və Qazaxıstanı “süni” quruluşlar adlandıran post az sonra silinib. Millətçi, imperiyayönlü postun hakerlərin işi olduğu deyilib.

Post Medvedevin 2.3 milyon izləyicisi olan VK hesabında avqustun 1-də peyda olub, 10 dəqiqə ərzində silinib. Ancaq bu müddətdə posta 2 min dəfəyə yaxın baxış olub. Sosial mediada çoxsaylı skrinşotlar yayılıb, postu Rusiyanın tanınmış teleaparıcısı Kseniya Sobçak da onlayn yerləşdirib. Onun postuna bir neçə saat ərzində 450 min dəfəyə yaxın baxılıb.

Köməkçisi təkzib edib

Avqustun 2-də Medvedevin köməkçisi Oleq Osipov keçmiş prezidentin belə bir post yazdığını təkzib edib. O, postun hesab hakerlər tərəfindən ələ keçiriləndən sonra yerləşdirildiyini deyib.

“VK administrasiyası, bu işi görməli olan şəxslər hesabın kimin hücumuna məruz qaldığını araşdıracaq”, – Osipov Telegram-da yazıb.

2008-2012-ci illərdə prezident olmuş Medvedev özünü liberal siyasətçi kimi təqdim edib. Rusiya fevralın sonunda Ukraynanı işğal etməyə başlayandan o imicini tamamilə dəyişib, Qərbə, Ukraynadakı “millətçilər”ə qarşı açıq savaşa çağırıb. Medvedev həmçinin Rusiyanın sərhədlərini genişləndirməli olduğunu deyib.

Postda yazılanlar...

VK-ya yerləşdirilmiş qalmaqallı postda yazılıb ki, Gürcüstan heç vaxt bir ölkə kimi mövcud olmayıb, Qazaxıstan “süni ölkə”dir və bu Orta Asiya ölkəsinin hakimiyyəti ruslara qarşı “genosid” həyata keçirir. Bu iki ölkənin əraziləri Rusiyaya “qaytarılmalıdır”, postda yazılıb.

Mətndə həmçinin qeyd olunur ki, Moskva “vətənimizin sərhədlərini bərpa etmək üçün növbəti addım atmağa hazırlaşır”, Ukraynanın işğalı ölkəni “azad edəcək”, “bizdən alınan torpaqlar” geri qaytarılacaq.

Fevralın 24-də Ukraynaya hücuma başlayan Rusiya Qərbin sərt sanksiyaları ilə üzləşib.