Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bir gündə Cəbrayıl və Xocavənddə iki texnikamız minaya düşdü - Xəsarət alanlar var

Cəbrayılda “Azərsun"un maşını minaya düşüb, sürücü xəsarət alıb.

Bu barədə  ANAMA-dan məlumat verilib.

Bildirilib ki, 2022-ci il 14 iyul tarixində Cəbrayıl rayonunun Dağtumas kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə partlayış baş verib.

“Azərsun Holdinq" MMC şirkətinə məxsus yükdaşıma nəqliyyat vasitəsi TM 62 P tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində xəsarət alan sürücü - 1996-cı il təvəllüdlü İmişli rayon sakini Məmmədov Şamil Fərahim oğlu rayon xəstəxanasına çatdırılıb. Onun ağır xəsarət aldığı bildirilir.

Eyni gündə Xocavənddə Türkiyə vətəndaşının idarə etdiyi ekskavator minaya düşüb.

Bu barədə Xocavənd Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, iyulun 14-ü saat 14 radələrində Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində Türkiyə Respublikasının vətəndaşı 1987-ci il təvəllüdlü Yalpiri Yıldırayın minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparılan zaman tikinti şirkətində ekskavator sürücüsü kimi çalışan Yalpiri Yıldırayın minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

ANAMA bir daha vətəndaşlarımıza müraciət edərək təhlükəli və şübhəli ərazilərə daxil olmamağa, rastlaşdıqları naməlum əşyalara toxunmamağa çağırır.