Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu, Qalant, HƏMAS-ın hərbi liderinin həbsinə order verib
21 Noyabr 2024
Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi (BCM) HƏMAS radikal qruplaşmasının hərbi qanadının rəhbəri Məhəmməd Deyf, İsrailin baş naziri Benyamin Netanyahu, keçmiş müdafiə naziri Yoav Qalantın həbsi barədə order verib. Onların üçü də Qəzza sektorunda hərbi cinayətlərdə və insanlığa qarşı cinayətlərdə ittiham olunublar.
HƏMAS-ı ABŞ və Avropa Birliyi terrorçu təşkilat kimi tanıyır.
İsrail ötən ilin oktyabrından Qəzzada ABŞ və Avropa İttifaqında terror təşkilatı kimi tanınan HƏMAS radikal qruplaşmasına qarşı əməliyyatlara başlayıb. Buna isə qruplaşma radikallarının ötən il oktyabrın 7-də İsrailə hücum etməsi, 1200 nəfəri öldürməsi, 250 nəfəri girov götürməsi səbəb olub.
Bu ilin mayında BCM prokuroru Kərim Xan Qəzza müharibəsi ilə əlaqədar iddia olunan cinayətlər üçün məsuliyyət daşıyanların həbsinə dair orderin verilməsi tələbiylə çıxış edib
İsrail müxalifəti və hökumət təmsilçiləri qərarı "utancverici" və "terrorçuların mükafatlandırılması" adlandırıblar.
Bununla belə, İsrail Roma statutunun iştirakçısı deyil və BCM-nin yurisdiksiyasını tanımır.
BCM bildirib ki, İsrailin onun yurisdiksiyasını tanıması tələb olunmur.
HƏMAS-ın nəzarətindəki Qəzza bölgəsinin rəsmiləri İsrailin əməliyyatları nəticəsində azı 40 min nəfərin öldüyünü iddia edirlər.