Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırmayıb?

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin aclıq aksiyasını davam etdirdiyi deyilir.

Bu barədə onun yaxınları məlumat verib. Onların sözlərinə görə, dünən, dekabrın 18-də bəzi media orqanlarında fəalın aclığı dayandırması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: "Bəxtiyar artıq beşinci gündür aclıq aksiyası keçirir. O, öz həbsinə etiraz edir".

Fəalın yaxınları əlavə edib ki, aclıq onun səhhətinə mənfi təsir göstərib və hazırda səhhəti pisdir.

Onlar vurğulayıblar ki, B.Hacıyevə telefon danışıqlarına icazə verilmir.

Penitensiar Xidmət təkzib edir


Penitensiar Xidmətin Mətbuat xidmətindən isə "Turan"a bildirilib ki, B.Hacıyev aclıq aksiyası keçirmir: "O, bir gün aclıq aksiyası keçirmişdi və həkimlərin nəzarəti altına, tibbi-sanitar hissəsinə köçürülmüşdü. Aclıq aksiyasını dayandırıb".

Vəkili "xəbərsizəm" deyir


Hazırda həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin aclıq aksiyasını dayandırması ilə bağlı məlumatlar yayılsa da, onun vəkillərindən Aqil Layıc məsələdən xəbərsiz olduğunu bildirir. Vəkil özünün Facebook səhifəsində yayılan xəbərlərə münasibət bildirib: "Bəxtiyar Hacıyevin telefon danışıqlarına, hətta vəkilləri ilə telefon danışıqlarına qadağa qoyulub. Qanunda vəkilləri ilə telefon danışığına qadağa qoyulması mümkün deyil. Bəxtiyar Hacıyev həqiqətən də aclığı dayandırıbsa (biz həqiqətən bunu arzu edirik), şərait yaradılsın, vəkillərindən birinə zəng edərək aclığı dayandırması yönündə xoş xəbəri bizə bildirsin və biz də bunu elan edək".​

B.Hacıyev dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsində onun haqqındakı həbs qərarından verilmiş şikayətə baxılarkən aclıq aksiyasına başladığını elan edib.

İş haqqında…


Cinayət işini Bakı Şəhər Baş Polis İdarəsi qaldırıb və jurnalist Ülviyyə Alovlunun şikayəti ilə bağlıdır. Ötən ilin oktyabrında məhkəmədə Hacıyev ilə Alovlu arasında insident yaşanmışdı.

Ü.Alovlu B.Hacıyevin onu vurmasını iddia etmişdi, Hacıyev isə öz növbəsində, bu halın yaşanmadığını və sadəcə təhqir qarşısında kağızları masaya atdığını demişdi.

Alovlu Hacıyevi Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında məhkəməyə vermişdi. Amma onun şikayəti sübuta yetirilmədiyi üçün iddiaya xitam verildiyi açıqlanmışdı.

Onlar bir-birilərindən şikayətçi idilər.

Dekabrın 9-da Bakının Xətai rayon Məhkəməsi ictimai fəal B.Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib. Fəal xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur.

Xatırlatma


Harvard Universiteti məzunu olan Hacıyev 2011-ci ilin martında da həbs edilmişdi. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi.

Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.

O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilir.