Logo
news content
User
Kateqoriyalar

Xəbər

Belarus və Polşa arasında məhbus mübadiləsi: Jurnalist Andjey Poçobut azadlığa buraxılıb

Belarus-Polşa sərhədində "5-in 5-ə" düsturu ilə məhbus mübadiləsi həyata keçirilib. Belarusun "BelTA" dövlət agentliyinin yaydığı məlumata görə, Polşa tərəfinə təhvil verilənlər arasında 2021-ci ildən bəri Belarusda həbsdə olan jurnalist Andjey Poçobut da var.

Polşanın baş naziri Donald Tusk azad edilən jurnalisti sərhəddə şəxsən qarşılayıb.

Polşa diplomatiyasının rəhbəri Radoslav Sikorski əslən polyak olan belaruslu jurnalistin azadlığa qovuşmasını "Polşa-Amerika ittifaqı üçün əlamətdar bir hadisə" kimi xarakterizə edib.

"Reuters"in məlumatına görə, bu humanitar prosesdə ABŞ mühüm rol oynayıb. Prezidenti Donald Trampın Belarus üzrə xüsusi elçisi Con Koulun komandası iki moldovan və Poçobut daxil olmaqla, üç polyakın həbsdən azad edilməsinə kömək göstərib. "X" sosial şəbəkəsində Koul dəstəyə görə Polşa, Moldova və Rumıniyaya təşəkkür edib.

Əslən polyak olan A.Poçobut Belarusda rəsmi tanınmayan Polyaklar Birliyinin fəalıdır. O, 2021-ci ilin martında həbs edilib və 2023-cü ildə etnik nifrəti qızışdırmaq, həmçinin Belarusun milli təhlükəsizliyinə xələl gətirmək ittihamları ilə 8 il azadlıqdan məhrum olunub. Polşa bu ittihamları ədalətsiz və siyasi motivli adlandırıb.

2025-ci ilin oktyabrında Avropa Parlamenti Poçobutu gürcü həmkarı Mziya Amaqlobeli ilə birlikdə Andrey Saxarov adına "Düşüncə Azadlığı" mükafatına layiq görüb.