Logo
news content
User
Kateqoriyalar

Xəbər

Belarus partizanları Kiyevə hücumun qarşısını almağa necə kömək edib?

Rusiya ordusu Kiyevi ildırım sürəti ilə ələ keçirmək üçün ilk dəfə Belarus sərhəddini keçərkən, təchizat və möhkəmləndirmə üçün regionun dəmir yolu şəbəkəsindən istifadə etmək niyyətində idi. Lakin Belarus istiqamətində dəmir yolu partizanları fəallaşdılar və bu, Rusiyanın maddi-texniki təchizatında xaos yaratdı. Bu barədə “The Washington Post” nəşri yazır.

Qeyd olunur ki, hücumun ilk günlərindən Rusiya Federasiyasını Ukrayna ilə Belarus vasitəsilə birləşdirən dəmir yolu əlaqəsini pozmaq və bununla da Belarusa zərər vurmaq üçün dəmiryolçular, hakerlər və təhlükəsizlik orqanlarından qaçan şəxslərin daxil olduğu gizli şəbəkə fəaliyyətə başlayıb.

Hücumlar sadə, lakin təsirli idi. Nəticədə qatarlar günlərlə boş dayandı və rusları öz qoşunlarını avtomobil yolu ilə təchiz etməyə məcbur etdi. Bu da öz növbəsində Kiyevdən şimalda 60 kilometrlik məşhur hərbi karvanların yaranmasına gətirib çıxardı.

“Rusiyanın qatarlardan asılılığını nəzərə alsaq, əminəm ki, bu, onların şimalda yaşadıqları problemlərə səbəb oldu. Bu, onların hərəkət imkanlarını ləngitdi. Onlar Ukrayna ərazisinə daha da gedə və təchizat xətləri qura bilmədilər”, - deyə qəzet Londonun RUSI analitik mərkəzinin tədqiqatçısı Emili Ferrisdən sitat gətirir.

Nəşr belarus diversantlarının hərəkətlərini “ikinci dəmir yolu müharibəsi” adlandırır. Birincisində İkinci Dünya müharibəsi zamanı Sovet partizanları, o cümlədən belaruslar Almaniyanın təchizat xətlərini pozmaq üçün dəmir yollarını və qatar stansiyalarını partladıblar.

Dəmiryol müharibəsi Belarusda ehtiramla xatırlanır, İkinci Dünya müharibəsi zamanı məktəblərdə ən uğurlu partizan taktikası kimi öyrədilir. Ancaq 2022-ci ildə Belarus partizanları daha çox dinc taktikadan istifadə etdi.

Qəzet belaruslu fəal Yuri Ravavıdan sitat gətirir: “Biz rus və ya belarus maşinistlərini öldürmək istəmədik. Biz onları dayandırmaq üçün dinc yoldan istifadə etdik”. O, hücumların təşkilində iştirak edən digər belaruslular kimi, dəmiryol partizanlarının təhlükəsizliyindən ehtiyat edərək, hücumların necə və kimlər tərəfindən həyata keçirildiyinin dəqiq təfərrüatlarını açıqlamaqdan imtina edib.