"Bayer" xərçəngə qarşı eksperimental preparatın hüquqlarını 3,25 milyard dollara alır
26 Noyabr 2026
Almaniyanın "Bayer" konserni Çinin "Hansoh Pharma" əczaçılıq şirkəti ilə xərçəngə qarşı eksperimental HS-20122 preparatının alınması hüquqları üzrə 3,25 milyard dollaradək dəyərində razılaşma əldə edib.
Bu barədə "Bayer"in yaydığı açıqlamada bildirilib.
Razılaşmaya əsasən, konsern Çindən başqa bütün dünyada, o cümlədən Tayvanda preparatın hazırlanması, istehsalı və satışına dair hüquqlar əldə edəcək.
"Bayer" tərəfdaşına əvvəlcədən 150 milyon dollar ödəyəcək. Bundan əlavə, "Hansoh Pharma" preparatın hazırlanmasının razılaşdırılmış mərhələlər üzrə irəliləməsindən asılı olaraq 3,1 milyard dollaradək vəsait əldə edə bilər. Gələcək satışlardan da şirkətə müəyyən ödənişlər nəzərdə tutulub.
HS-20122 anticisim-dərman konjuqatları (ADC) sinfinə aiddir. Bu texnologiya sağlam toxumalara zərəri azaltmaqla dərman vasitəsinin birbaşa xərçəng hüceyrələrinə təsir göstərməsinə imkan verir.
Hazırda klinik sınaqların ilkin mərhələsində olan preparat ağciyər xərçənginin bəzi növləri də daxil olmaqla, yayılmış bərk şişlərin müalicəsi üçün hazırlanır.
Qeyd edək ki, "Hansoh Pharma" oktyabr ayında İsveçrənin "Roche" şirkəti ilə də ADC sinfinə aid preparatların hazırlanması üzrə əməkdaşlıq sazişi imzalayıb. Həmin razılaşmanın potensial dəyəri 15 milyard dolları ötür.