Bayden oğlunu iki cinayət işi üzrə əfv edib, Tramp əleyhinə çıxıb
02 Dekabr 2024
ABŞ prezidenti Cozef Bayden iki məhkəmə işi üzrə oğlu Hanteri əfv etmək qərarına gəlib.
Bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən yayılan Amerika liderinin bəyanatında deyilir.
Sənəddə deyilir: “Bu gün mən oğlum Hanter üçün əfv imzaladım”.
Söhbət Delaver və Kaliforniya ştatlarında gedən proseslərdən gedir. Delaver ştatında Hanter Baydenə silah alışı ilə bağlı ittiham irəli sürülüb. O, günahkar bilinib.
Kaliforniyada amerikalı liderin oğlu vergidən yayınmada günahını etiraf edib. Amerika lideri dəfələrlə oğlunun əfv edilməsi ehtimalını istisna edib.
Hanter Bayden 2018-ci ildə narkotik maddənin təsiri altında odlu silah alması ilə bağlı üç ağır maddə üzrə təqsirli bilinib. O, həmçinin vergidən yayınma ilə bağlı irəli sürülmüş 9 ittiham üzrə məhkəmədə təqsirli olduğunu etiraf edib. Silah alışı ittihamı üzrə onun həbsi dekabrın 13-nə, vergi məsələsi ilə bağlı dekabrın 16-na nəzərdə tutulmuşdu.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Cozef Baydenin oğlu Hanteri əfv etmək qərarının sui-istifadənin və ədalətin pozulmasının bariz nümunəsi olduğu fikrini bildirib.
Bu barədə Tramp “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Tramp 6 yanvar 2021-ci ildə Kapitoliyə hücum edən və illərdir həbsdə olan şəxslərin əfv siyahısında olub-olmadığını sual edib. O qeyd edib ki, bu cür davranış açıq-aşkar sui-istifadə və ədalətin pozulmasıdır.
Tramp və tərəfdarları hesab edir ki, hücumda iştirak edənlərin çoxu ədalətsiz təqibin qurbanı olub və onlar siyasi məhbuslardır.