Bayden ilk teledebatda Trampa ciddi şəkildə uduzub
28 İyun 2024
ABŞ-nin Corciya ştatının Atlanta şəhərində hazırkı prezidenti Cozef Bayden və keçmiş prezident Donald Tramp arasında seçkiqabağı teledebatlar baş tutub.
CNN-in təşkil etdiyi və canlı yayımladığı debatın ilk raundu saat yarım davam edib. İlk dəfə olaraq studiyada tamaşaçı olmayıb, iki CNN aparıcısı müzakirəyə moderatorluq edib və suallar verib. Bayden və Tramp növbə ilə danışıblar, bir iştirakçı danışarkən digərinin mikrofonu səssiz qalıb.
Müzakirənin birinci hissəsi Amerikanın daxili gündəmində olan iqtisadi problemlər, miqrasiya, abort və digər məsələlərə həsr olunsa da, söhbət tez bir zamanda beynəlxalq mövzulara keçib.
Əvvəlcə söhbət Amerika qoşunlarının Əfqanıstandan xaotik çıxarılmasına gedib - Tramp bunu “ölkə tarixində ən biabırçı məqam” adlandırıb və sonra deyib ki, bu vəziyyət başqa şeylərlə yanaşı, Rusiyanı Ukraynanı işğal etməyə sövq edib.
"Həyatımda heç vaxt bu qədər cəfəngiyat eşitməmişəm", – Bayden söyləyib.
Tramp növbəti dəfə qələbə qazanacağı təqdirdə münaqişəni həll edəcəyini bir daha bəyan edib, həmçinin Rusiya Prezidenti Vladimir Putinin Ukraynada sülh üçün irəli sürdüyü şərtləri məqbul hesab etmədiyini vurğulayıb.
Debat iştirakçıları mütəmadi olaraq bir-birlərini yalan danışmaqda ittiham edib və bir-birlərini söz atəşinə tutublar. Bayden bir məqamda Trampın hərbi qulluqçulara və veteranlara münasibətini toxunaraq keçmiş prezidenti uğursuz adlandırıb. Tramp isə Baydenə “tarixin ən pis prezidenti” deyib.
Debatdan sonra aparılan rəy sorğuları hazırkı prezidentin ilk görüşdə rəqibinə ciddi şəkildə uduzduğunu göstərib. Respondentlərin 67 faizi Trampın, 33 faizi isə Baydenin qalib gəldiyini düşünür.
“Politico” nəşri yazır ki, Demokrat Partiyasının rəhbərliyi ilk debatdan sonra Baydeni başqa namizədlə əvəzləmək barədə düşünməyə başlayıb.