Logo
news content
User
Kateqoriyalar

Xəbər

Baş Prokurorluq Əziz Orucova xəbərdarlıq edib

Sentyabrın 15-də “Kanal 13” Youtube kanalının rəhbəri Əziz Orucov Baş Prokurorluğa çağırılıb və ona xəbərdarlıq edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Turan-a bildiriblər ki, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Milli Təhlükəsizlik haqqında” haqqında Azərbaycan Respublikasının qanunlarının tələbləri pozularaq "Kanal 13" adlı “YouTube” kanalında sentyabrın 13-də təsisçi Əziz Orucov tərəfindən Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirən, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salan videolar yerləşdirilib". Qeyd olunub ki, Əziz Orucova sentyabrın 15-də “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə əsasən prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan olunub. "Xəbərdarlıq olunduqdan sonra həmin informasiyalar kanaldan götürülüb".

Orucov prokurorluğa çağırıldığının Turan agentliyinə təsdiqləyib və deyib ki, dərc olunan materiallar “cəmiyyəti məlumatlandırılmasına xidmət edir”.

O, söhbətin hansı materiallardan getdiyini dəqiqləşdirməyib. Baş Prokurorluq da hansı videomaterialların nəzərdə tutulduğunu açıqlamır.

Xatırladaq ki, sentyabrın 13-də Ermənistan-Azərbaycan sərhədində vəziyyət gərginləşib və internetdə döyüş bölgəsindən görüntülər yayılıb. Görünür, “Kanal 13” bu videodan istifadə edib.

Öz növbəsində, Əziz Orucovun üzvü olduğu Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə Qeyri-Hökumət Təşkilatı Koalisiyası kanalın rəhbərinə xəbərdarlığı pisləyib.