Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakı meriyası Ukrayna mitinqinə yox dedi

Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının aprelin 2-si paytaxtda keçirmək istədiyi mitinqə razılıq verməyib. İmtina qərarı koronavirus infeksiyasını cilovlamaq üçün tətbiq olunan məhdudiyyətlə əsaslandırılıb.

Nazirlər Kabinetinin tətbiq etdiyi xüsusi karantin rejiminin yasaqlarından biri ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsidir.

Demokratik Qüvvələrin Milli Şurasının Bakı Şəhər İcra Hakimiyyətinə martın 28-də təqdim olunan müraciətində mitinq üçün üç məkan təklif olunmuşdu: metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı stadion; metronun “Nəriman Nərimanov” stansiyasının yanındakı park; Ukrayna dairəsi.

Aksiyada Ukraynanın ərazi bütövlüyünə dəstək nəzərdə tutulurdu.

2014-cü ildə Ukraynanın Krım yarımadasını tam, Donbas bölgəsini qismən işğal edən Rusiya 2022-ci il fevralın 21-də bu ölkəyə qarşı yeni təcavüzə başlayıb, fevralın 24-dən isə orada total hərbi əməliyyat aparır.

2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasına tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun Koordinasiya Mərkəzində AXCP sədri Əli Kərimli, Müsavat Partiyasından Tofiq Yaqublu, sabiq deputat Gültəkin Hacıbəyli və başqa müxaliflər təmsil olunur.