Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bahalı internet: keyfiyyət dəyişəcəkmi?

"Aztelekom" və "Bakı Telefon Rabitəsi" avqustun 15-dən internetin qiymətlərində dəyişiklik olacağını açıqlayıb.

Açıqlamada bildirilir ki, yeni tariflərdə abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq. Hər Mbit/s-ə ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endiriləcək. Yəni,100 Mbit/s internetə 25, 150 Mbit/s-ə 30, 250 Mbit/s-ə isə 36 AZN qiymət təklif ediləcək.

Onlar bunu müştərilərin yüksəksürətli genişzolaqlı internetə artan tələbatı ilə izah edirlər: "Bu işlər ölkəmizdə dünya trendləri ilə ayaqlaşma, əhalinin yüksəksürətli internetə olan tələbatında artım tendensiyasını nəzərə alaraq, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi və dayanıqlı infrastrukturun təmin edilməsi məqsədilə həyata keçirilir".

Tez-tez yeni paketlər təqdim edilir, sürətin artırıldığı vurğulanır və bundan asılı olaraq abunəçilərin ödənişi ya artır, ya da yaxşı halda sabit qalır. Amma internetinin sürəti və işləməsi ilə bağlı şikayətlər qalır.

"Speedtest Global Index" bugünlərdə bildirib ki, Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 181 ölkə arasında 39.48 Mbit/s sürətlə 118-ci yerdə qərarlaşıb. Reytinqdə birinci yeri Sinqapur (289.98), axırıncı yeri isə Kuba (2.69) tutub.

Qiymətlərə gəldikdə isə, beynəlxalq hesabatlarda Azərbaycanın bahalı internetin olduğu ölkələrin sırasında yer aldığı bildirilir.

“Aztelekom” və “Bakı Telefon Rabitəsi” MMC-dən Turana bildirilib ki, şirkətlər vətəndaşların həyat keyfiyyətinin artırılmasına öz töhfəsini vermək üçün ölkədə rəqəmsal imkanlara çıxışı təmin edən genişzolaqlı həllər təqdim etməyi hədəfləyir və bunun üçün əhəmiyyətli infrastruktur təkmilləşdirmələri həyata keçirir: “Aparılan infrastruktur təkmilləşdirmələrinin məqsədi vətəndaşların yüksəksürətli internetə artan tələbatının qarşılanması və daha yüksək keyfiyyətli internet xidmətlərindən faydalanmasıdır. Qiymət siyasətimiz müştərilərimizə daha yüksək sürət və Mbit həcminə görə mümkün optimal qiymət təklif etmək şərti ilə bazar tələblərinə uyğun formalaşdırılır”.

Şirkətlərdən qeyd olunub ki, onlar davamlı olaraq bazar konyukturasını resurslarımızın səmərəli istifadə olunması, ümumi iqtisadi vəziyyət və şirkətin maliyyə dayanıqlılığı, habelə xidmət keyfiyyətinin mütəmadi artırılması kontekstində dəyərləndirir: “Xidmət şərtlərimiz və qiymət təkliflərimiz barədə məlumatlar “İnformasiya əldə etmək haqqında” qanunun tələblərinə müvafiq olaraq 30 gün əvvəldən şirkətin rəsmi veb-saytında dərc edilib”.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən isə Turana bildirilib ki, qurum tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində 2024-cü ilin 6 ayı ərzində Azərbaycanda 800 min ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb: “Ümumilikdə ölkədə 2,7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub. Layihə müddətində ölkədə genişzolaqlı internetə çıxış imkanı əldə etmiş ev təsərrüfatı və biznes subyektlərinin sayı 12 dəfə artaraq 9 faizdən 92 faizə yüksəlib. Cari ilin ilk 6 ayı ərzində 2020-ci illə müqayisədə 5 dəfə çox təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin edilib və toplam əhatə 26 faiz artıb”.

Nazirlikdən vurğulanıb ki, artıq ölkənin 30 rayonunda 90 faizdən çox, 23 rayonunda 70-90 faiz arası və digərlərində isə 65 faizə qədər təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin edilib: “Sözügedən layihə çərçivəsində 2024-cü ilin sonunadək ölkə ərazisində bütün ev təsərrüfatı və biznes subyektlərinin GPON və digər genişzolaqlı texnologiyalar vasitəsilə genişzolaqlı internetlə təmin edilməsi, yüksəksürətli internetdən istifadənin genişləndirilməsi və sabit genişzolaqlı internet abunəçilərinin faizinin artırılması planlaşdırılır”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə bildirib ki, hazırda minimal qiymət 18 manat müəyyən olunub və bu ödənişlə vətəndaş 40 Mbit/s sürət əldə edə bilir: “İndi təklif olunan isə minimal 100 Mb/s üçün 25 manat olacaq. Görünür ki, provayderlər, o cümlədən dövlət provayderləri də bir anda varlanmaq xətti götürüblər.

Baxırlar ki, hamı ölkədə qiymətləri qaldırır, düşünüblər ki, onlar niyə etməməlidirlər".

Onun fikrincə, bu, doğru bir yanaşma deyil: "Yüksək sürətlər və yüksək qiymətlər prinsipi heç bir halda doğru deyil. Xüsusən də regionlar üçün. Hamı üçün minimal sürəti 100 Mbit/s etməklə hansısa beynəlxalq reytinqlərdə yüksək yerlər qazanmağı vətəndaşlarımızın maraqlarından üstün tutmaq yolverilməzdir".

Ekspertin sözlərinə görə, qiymət siyasəti elə qurulmalıdır ki, hamı üçün ehtiyacına uyğun olaraq əlçatan olsun: "Dövlət provayderlərinin bu tip addımları isə, ümumiyyətlə, ağlasığmazdır. Provayder ona görə, hələlik, dövlət provayderidir ki, məhz vətəndaşın tələbatına və gələcək inkişafına zəruri olan internetə əlçatanlığı olsun. Bir yandan "rəqəmsal transformasiya" deyirik, rəqəmsal xidmətlər yaradırıq, rəqəmsal savadlılığı artırırıq, digər tərəfdən də bunun üçün əsas ola biləcək vasitənin əlçatanlığını məhdudlaşdırırıq".

O.Gündüz qeyd edib ki, son 3 ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bütün ölkə boyu internetləşmə siyasəti apara bilib: “Bütün ölkə boyu keyfiyyətli internetə əlçatanlıq 92 faizə çatıb. Bu çox böyük bir uğurdur. Amma buna kölgə sala biləcək addımlara yol vermək doğru olmazdı. İndi dövlətə məxsus olan bu internet şəbəkəsinin sahibi elə siyasət qurmalıdır ki, istifadə və qiymətlər hamı üçün əlçatan olsun”.

İqtisadçı Rəşad Həsənov isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda bu sahədə nə keyfiyyət, nə də kəmiyyət baxımından nailiyyət əldə olunub: "Başqa ölkələrlə müqayisədə də dəfələrlə görmüşük ki, təklif edilən internetin sürəti və keyfiyyəti ilə onun qiyməti arasında kifayət qədər ciddi fərqlər var".

Onun sözlərinə görə, burada başqa bir vacib məqam dövlət internet provayderlərinin monopolist mövqeyi məsələsidir: "Düzdür, 100 faiz monopolist deyillər, bazarda başqa təmsilçilər də var. Amma istənilən halda, xüsusilə regionlara münasibətdə demək olar ki, bazar bu şirkətlərdədir... İnsanlar onların maliyyə axınlarının şəffaflığını, məhsulun maya dəyərini bilməlidirlər. Tam dəqiq izah edilməlidir ki, nə üçün Azərbaycanda bu qədər resursla, investisiya qoyuluşları ilə həm internetin əlçatanlığı, həm də onun keyfiyyəti və kəmiyyəti aşağıdır".

İqtisadçı hesab edir ki, qəbul olunan indiki qərar sadəcə bazarda diktə mövqeyindən sui-istifadədir: "Son illərdə dövlət müəssisələrinin büdcədən asılılığının azaldılması, onların gəlirlə fəaliyyət göstərməsi kimi hədəflər müəyyən edilmişdi. Amma bunu xərclərin optimallaşdırılması, şəffaflığın artırılması, yeyintilərin, korrupsiyanın qarşısı alınması ilə deyil, rahat şəkildə qiyməti artırmaq, müəssisəni profisitə çıxarmaq yönündə ən bəsit yolun seçilməsi ilə həll etməyə çalışırlar".