Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanın qızıl alış-verişi

Ötən il Azərbaycan 326.2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın yanvar sayında bildirilir.

Məlumata görə, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 54 faiz və ya 114.4 milyon ABŞ dolları çoxdur.

İxrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl birinci olub.

Son bir ildə qızılın 64 faizdən çox bahalaşması Azərbaycanın da bu qiymətli metala marağını artırıb. 2025-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatlarının möhkəmləndirilməsi məqsədilə 6 milyard 259.7 milyon ABŞ dolları dəyərində qızıl idxal etdiyi bildirilir.

İstehsalda da artım var

Azərbaycanda ötən il qızıl istehsalı 11.3 faiz artaraq 2 min 965.1 kiloqram təşkil edib.

Bu ilin əvvəlində də qızıl bahalaşmaqda davam edib. Ekspertlər bunu dünyada qeyri-sabitliyin artması ilə izah edirlər.

Amma son bir gündə əmtəə bazarlarında qızılın qiyməti nisbətən ucuzlaşıb. Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə (31.1 qram) fevral füçerslərinin qiyməti 2.29 faiz azalaraq 5 min 231 ABŞ dollarına bərabər olub.

Bu ilin əvvəlində Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard 156.4 milyon ABŞ dolları təşkil edib. Son bir ildə ölkənin valyuta ehtiyatları 14 milyard 165.5 milyon ABŞ dolları və yaxud 20 faiz artıb.