Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycandan olan 709 şəxsin ABŞ-dən deportasiyası gözlənilir

ABŞ-də barəsində deportasiya qərarı verilmiş 1 milyon 445 min 549 qeyri-vətəndaş hələ də ölkədə yaşayır. Bunu ABŞ İmmiqrasiya və Gömrük Polisinin (ICE) 2024-cü ilin noyabrına qədərki bilgiləri əhatələyən hesabatı ortaya qoyub. "Fox News"un əldə etdiyi bu sənəddə şəxslərin statistikası və onların hansı ölkələrdən gəldiyi göstərilir.

Siyahıda Cənubi Qafqaz ölkələrinin də adı var. Ermənistandan 2 min 808, Gürcüstandan 833, Azərbaycandan isə 709 nəfərlə bağlı deportasiya qərarının olduğu bildirilir. Haqqında oxşar qərar verilmiş İran, Rusiya və Türkiyə vətəndaşlığı olan şəxslərin sayı isə, uyğun olaraq, 2 min 618, 3 min 518 və 3 min 103 nəfərdir.

Hesabatda qeyd olunur ki, bu şəxslər artıq Birləşmiş Ştatlardan çıxarılmaq üçün rəsmi qərar alıblar, lakin müxtəlif səbəblərdən deportasiya prosesi başa çatdırılmayıb.

ABŞ hökumətinin mövqeyincə, hər bir ölkə, ABŞ-də qalmaq hüququ olmayan vətəndaşlarını və sakinlərini geri qəbul etmək öhdəliyinə malikdir. "Xarici hökumətlərin əməkdaşlıq etməməsi deportasiya prosesini gecikdirir və bir çox hallarda onu mümkünsüz edir. ABŞ hökuməti xarici hökumətlərdən lazımi addımlar atmağı tələb edir", - hesabatda vurğulanır.

O da qeyd olunur ki, hazırda ICE 15 ölkəni əməkdaşlıq etməyən dövlətlər siyahısına salıb. Onlar arasında Rusiya və İran da var.