Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanda bütün məhkumlar vaksin edilib - Ədliyyə Nazirliyi

Ölkədə həyata keçirilən vaksinasiya strategiyasına uyğun olaraq bütün məhkumların vaksinasiyası həyata keçirilib, buster dozanın vurulması isə başa çatmaq üzrədir

Bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova öz feysbuk səhifəsindəki paylaşımında bildirib.

A.Sabitova qeyd edib ki, penitensiar müəssisələrdə zəruri preventiv tədbirlər həyata keçirilib, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına, ÜST-nin tövsiyələrinə uyğun müvafiq qaydalar, tələblər müəyyən edilib, məhdudiyyətlər tətbiq edilib.

"Koronavirusun yayılma riski və bununla bağlı ölkəmizdə sərt karantin rejiminin elan olunması nəzərə alınaraq, əvvəllər məhkum və həbs edilmiş şəxslərə görüşlərin verilməsi, habelə gətirilən sovqatların qəbul edilməsi müvəqqəti olaraq dayandırılmışdı. Aidiyyəti şəxslərin (vəkil, müstəntiq, həkim-mütəxəssis və s.) müəssisələrə buraxılışı isə xüsusi qaydada həyata keçirilirdi, halbuki bəzi dövlətlərdə həmin şəxslərin müəssisələrə girişi müvəqqəti olaraq qadağan edilmişdi.

Bütün penitensiar müəssisələrdə qısamüddətli görüş otaqları sanitar-epidemioloji tələblərə uyğun yenidən qurulub, şüşə arakəsmələr və kabinələr quraşdırılaraq danışıq qurğuları ilə təchiz edilib, həmçinin məhkumlarla onlayn görüşlərin təşkili, eləcə də cinayət işləri üzrə məhkəmə proseslərinin videokonfrans formatında keçirilməsi imkanı yaradılıb.

Sonralar karantin rejiminin yumşaldılması çərçivəsində məhkumlara sovqat və banderolların ötürülməsi, görüşlərin verilməsi bərpa olunub. Həmçinin ölkədə həyata keçirilən vaksinasiya strategiyasına uyğun olaraq bütün məhkumların vaksinasiyası həyata keçirilib, buster dozanın vurulması isə başa çatmaq üzrədir", - nazirlik rəsmisi deyib.